İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Data idarəolunması departamentinə yeni direktor təyin edilib. Sözügedən vəzifəyə 2023-cü ilin iyun ayından Kamran Ağayev rəhbərlik edir.
Bu barədə Telexeber.az İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin yaydığı məlumata istinadən xəbər verir.
Məlumatda deyilir ki, Kamran Ağayev İRİA ilə yanaşı, "Azercell” şirkətində Data idarəolunması şöbəsinin və ADNSU-da fəaliyyət göstərən "Big Data və Analitika Mərkəzi"nin rəhbəri vəzifələrini davam etdirəcək.
K. Ağayev 20 ildən çoxdur ki, verilənlər bazası administratoru ixtisası üzrə çalışır və "Oracle” sahəsində bir sıra professional, ekspert və master sertifikatlarına sahibdir. ABŞ-də "Oracle verilənlər bazasında məlumatların nüsxəsinin alınması və bərpa yolları” və "Oracle Certified Master” adlı 2 kitabı nəşr olunub.
O, fəaliyyəti ərzində dünyanın müxtəlif ölkələrində (ABŞ, Yaponiya, Çin, Tailand, Cənubi Koreya, Avstraliya, Hindistan, Argentina, Uruqvay, Panama, Kosta-Rika, Meksika, Qvatemala və bir sıra Avropa ölkələri) beynəlxalq konfransda çıxışlar edib, "Oracle” şirkəti tərəfindən dünyada sayı 120-dən az olan "Oracle ACE Director” mükafatına layiq görülüb.