"Yaşma bağları" yaşayış massivinin suyu yenə də kəsilib
Sakinlərin Bakucity.az-a bildirdiyinə görə, "Yaşma bağları" yaşayış massivinə verilən su on gündən artıqdır ki, kəsilib:
“Koronavirusun surətlə yayıldığı bir vaxtda, həm də xalqımızın milli bayramı olan Novruz bayramı günlərində bu əraziyə verilən su kəsilib. Artıq on gündən çoxdur ki, susuz qalmışıq. Qəsəbə sakinləri içməli suyu onsuz da pulla alırdı, hazırda isə aldığımız su bizə çatmır. Bilmirik bu suyu koronovirusdan qorunmaq üçün gigiyenik təmizliyimizə sərf edək yoxsa içək”.
Bayram günündə, həmdə ən çox təmizliyə ehtiyyac olan bu vaxtda “Yaşma bağları” yaşayış massivinin sakinləri nəinki yuyunmağa, hətta əl yumağa da sularının olmadığını deyirlər. Səbəb isə su borularının yararsız olmasıdır:
“2019-cu ilin oktyabr ayında müvafiq qurumlara şikayət etdik, noyabr ayında gəlib baxdılar və sovet dövründən qalma köhnə boruların yarısını kanalizasiya suları üçün nəzərdə tutulmuş yeni borularla əvəzlədilər. Bu borularsa o qədər nazikdir ki, suyun təzyiqi bir balaca yüksək olan kimi partlayır. Bir sözlə, bu məsələ də yarımçıq qaldı”.
Sakinlər deyir, əvvəl heç olmasa bir balaca çürümüş olsa da, köhnə borulardan gələn su ilə yaşayışımızı idarə edə bilirdik, indi o da yoxdur.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə müraciət etmişik, məsələ diqqətimizdədir.
Qeyd edək ki, Sumqayıt şəhər “Yaşma bağları” massivində 1988-ci ildən yaşamağa başlayan əhali elə həmin vaxtdan içməli suyu ya satın alır, ya da “Taxtakörpü” kanalından gələn suvarma suyundan istifadə edir. Bu suyun verilməsində isə tez-tez problemlər yaşanır.