Bakıda beynəlxalq simpozium keçiriləcək
- 06.06.2024, 13:54,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin noyabrında Bakının ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində xarici ölkələrin ombudsman və milli insan hüquqları institutlarının iştirakı ilə informasiyaya çatımlılıq məsələlərinin də müzakirə ediləcəyi beynəlxalq simpozium keçiriləcək.
Telexeber.az xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Albaniyada dünyanın müxtəlif ölkələrindən olan informasiya komissarlarının qatıldığı XV beynəlxalq konfransda məlumat verib.
O həmçinin Albaniyanın ədliyyə naziri Ulsi Manja, parlament sədrinin müavini Ermonela Valikaj Felaj, İnformasiya və Məlumatların Mühafizəsi üzrə Müvəkkil Besnik Dervişi ilə görüşlər keçirib. S.Əliyeva görüşlərdə 30 ilə yaxın işğal dövründə Ermənistanın Azərbaycan torpaqlarında basdırdığı minaların hazırda həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışına ciddi maneə yaratdığını, mülki şəxslərin həyatına və sağlamlığına ciddi təhdid törətdiyini diqqətə çatdırıb. Ombudsmanın müharibə və postmüharibə dövrlərində işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiyalar həyata keçirdiyi, aidiyyatı beynəlxalq təşkilatlara, milli insan hüquqları institutları və xarici ombudsmanlara müvafiq hesabat, müraciət və bəyanatlar göndərdiyi qeyd edilib, faktaraşdırıcı missiyalara dair hesabatların nüsxələri həmin dövlətin rəsmi şəxslərinə təqdim olunub.
Eyni zamanda Azərbaycan və Albaniya Ombudsman təsisatları arasında insan hüquqları, habelə informasiya əldə etmək hüququ sahəsində ikitərəfli əməkdaşlığın inkişafı məqsədilə anlaşma memorandumu imzalanıb.