Dövlət qulluğuna qəbul olmaq üçün imtahan verən şəxs sualların çətin, bəzilərinin isə səhv olduğunu iddia edib.
Telexeber.az Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət iyun ayının 30-da keçirilən dövlət qulluğuna qəbul imtahanından gedir.
Səxavət Nəsirov bildirib ki, bəzi sualların ötən imtahanlara nisbətən qəliz, bəzilərinin isə səhv olması ona və digər namizədlərə çətinlik yaradıb.
Onun sözlərinə görə, sual kitabçalarının iştirakçılara verilməməsi də onları qane etməyən məqamlardandır. Çünki kitabçalar verilmədiyindən suallardakı səhvi sübut etmək çətin prosesə çevrilir.
İddialara Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə qeyd edib ki, imtahan sualları elmi-metodiki araşdırmalar əsasında hazırlanır.
Sualların səhv olması ilə bağlı iddialara gəlincə, Xanlar Xanlarzadə hazırda müraciətlərin araşdırıldığını deyib.
O əlavə edib ki, sual kitabçalarının imtahan iştirakçılarına verilməsi dünya təcrübəsində yoxdur. Bundan əlavə, bu il qeyd olunan sual növbəti imtahan kitabçalarında da yer ala bilər. Bu səbəbdən də kitabçaların iştirakçılara verilməsi məqsədəuyğun hesab olunmur.