Bu gün Azərbaycan xalqı öz ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.


Heydər Əliyev adı Azərbaycan tarixində qızıl hərflərlə yazılmış, onun irsi isə xalqımızın gələcək inkişafı üçün bir istiqamət olmuşdur.
Heydər Əliyev öz dövlətçilik fəaliyyəti ilə Azərbaycanın taleyini dəyişən şəxsiyyətlərdən biri olmuşdur. 1969-cu ildə Azərbaycan SSR-ə rəhbər seçildiyi dövrdən etibarən o, ölkəni hərtərəfli inkişafa doğru aparmış, təhsil, iqtisadiyyat, mədəniyyət və sənaye sahələrində misilsiz nailiyyətlərə imza atmışdır. Bu uğurlar onun uzaqgörən siyasətinin nəticəsi olaraq, ölkənin gələcək müstəqilliyinə möhkəm zəmin yaratmışdır.
1990-cı illərin əvvəllərində, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın qarşılaşdığı çətinliklər hər kəsin yadındadır. Dövlət idarəetməsindəki böhran, sosial və iqtisadi tənəzzül, xarici təzyiqlər ölkəni parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. Məhz belə bir dövrdə xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı Azərbaycanı fəlakətdən qurtardı. Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, dövlətçiliyin qurulmasında və milli birliyin təmin olunmasında əvəzsiz rol oynadı. 1993-cü ildə onun hakimiyyətə gəlişi ilə Azərbaycan böyük təhlükələrdən qurtuldu. Dövlət çevrilişləri, iqtisadi böhran və vətəndaş müharibəsi təhlükəsi içərisində olan ölkə ulu öndərin müdrik siyasəti sayəsində sabitliyə, inkişafa və beynəlxalq nüfuza nail oldu.
Ümummilli lider müdrik siyasəti və qətiyyətli addımları ilə Azərbaycanı beynəlxalq arenada tanıtdı, regional və qlobal layihələrin mərkəzinə çevirdi. Onun müəllifi olduğu neft strategiyası ölkənin iqtisadi inkişafına böyük töhfə verdi. Bakı-Tbilisi-Ceyhan kimi nəhəng layihələr Azərbaycanın beynəlxalq nüfuzunu artırdı və xalqın rifahını yüksəltdi.
Ulu öndər Heydər Əliyev sadəcə böyük siyasətçi deyildi. O, xalqın ən çətin anlarında yanında olan, onların dərdinə şərik çıxan bir lider idi. Onun azərbaycançılıq ideologiyası milli kimliyimizin möhkəmləndirilməsi və dünya miqyasında tanıdılması üçün əsas rol oynadı. Ümummilli lider hər zaman xalqının rifahını, dövlətinin güclənməsini və müstəqilliyinin əbədi olmasını əsas məqsəd kimi götürdü. O, hər zaman millətin tarixi, dili, mədəniyyəti və milli dəyərlərinə böyük diqqət göstərmiş, gənclərə yüksək biliklər və geniş dünyagörüşü qazanmaq üçün imkanlar yaratmışdır. Onun rəhbərliyi ilə neft strategiyası hazırlanaraq həyata keçirilmiş və bu, müstəqil Azərbaycanın iqtisadi qüdrətinin bünövrəsini təşkil etmişdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin ən böyük arzusu Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olması idi. Bu arzunun həyata keçməsi üçün gördüyü işlər bu gün də xalqımızın həyatında öz müsbət təsirini göstərməkdədir. Onun müəyyən etdiyi strateji xətt, o cümlədən siyasi varisliyi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyev hər bir azərbaycanlının qəlbində daim yaşayan bir liderdir. Onun müdrikliyi, əzmkarlığı və xalqına olan sonsuz sevgisi bizə hər zaman ilham verir. 12 dekabr günü, yalnız kədər hissi ilə deyil, həm də qürurla xatırlanır. Çünki Heydər Əliyev təkcə bir lider deyil, həm də azərbaycançılığın simvolu, milli kimliyimizin təcəssümü olmuşdur. 12 dekabr Heydər Əliyevin anım günü təkcə keçmişimizi xatırlamaq deyil, həm də gələcəyə olan məsuliyyətimizi dərk etmək günüdür. Ulu öndərin ideallarına sadiq qalmaq, onun arzularını gerçəkləşdirmək hər bir azərbaycanlının borcudur. Heydər Əliyevin ruhu onun sevib qoruduğu Azərbaycan torpağında əbədi yaşayır və xalqımızın hər bir uğurunda əks olunur.
Ulu öndərin irsini qorumaq və yaşatmaq hər birimizin borcudur. Azərbaycan xalqı onun ideyalarına sadiq qalaraq, inkişaf və firavanlıq yolunda əmin addımlarla irəliləməkdədir. Ümummilli lider Heydər Əliyev ruhu əbədi olaraq Azərbaycan xalqının yanında yaşayacaq!


Abşeron rayon Güzdək qəsəbə tam orta məktəbin direktoru Sevil Əliyeva
Популярный ролик