
Son günlər Binəqədi qəsəbə bələdiyyəsi ilə bağlı səsləndirilən torpaq sənədi iddiaları cəmiyyətdə ciddi narahatlıq yaradıb. Məsələ təkcə bir bələdiyyə ətrafında yaranan qalmaqalla məhdudlaşmır. Söhbət bələdiyyələrin torpaqla bağlı səlahiyyətlərinin necə və hansı dövrlərdə icra oluna bilməsindən gedir.
Məlumdur ki, bələdiyyələrə torpaq sahələri ilə bağlı sənəd vermək səlahiyyəti qanunvericiliklə məhdud zaman kəsiyində və konkret şərtlərlə tanınıb. Bu səlahiyyətlərin dayandırıldığı və ya dəyişdirildiyi dövrlər olub. Məhz bu səbəbdən, sənədin üzərində göstərilən tarix onun hüquqi qüvvəsində həlledici rol oynayır.
Mütəxəssislərin fikrincə, əgər torpaq sənədi bələdiyyənin bu səlahiyyətə malik olmadığı dövrdə verilibsə, həmin sənəd gələcəkdə mülkiyyət hüququnun tanınmaması, məhkəmə çəkişmələri və hətta torpağın itirilməsi riski yarada bilər. Daha təhlükəlisi isə odur ki, vətəndaş bunu çox vaxt illər sonra, artıq problem yarananda anlayır.
İddialara görə, bəzi hallarda torpaq sənədləri keçmiş illərin tarixləri ilə rəsmiləşdirilir. Bu isə kağız üzərində hər şeyin qaydasında olduğu təəssüratı yaratsa da, rəsmi arxiv və elektron qeydiyyat sistemlərində sənədin izinə rast gəlinmir. Belə vəziyyət hüquqi boşluq və qeyri-müəyyənlik formalaşdırır.
Hüquqşünaslar hesab edirlər ki, bu cür hallar təkcə vətəndaşları deyil, ümumilikdə torpaq münasibətləri sisteminə olan etimadı sarsıdır. Şəffaflıq olmadığı halda, torpaq bazarında qeyri-rəsmi mexanizmlərin formalaşması qaçılmaz olur.
Mövzu ilə bağlı aidiyyəti qurumların mövqeyi xüsusi əhəmiyyət daşıyır. Çünki söhbət yüzlərlə vətəndaşın mülkiyyət hüququndan, dövlət reyestrlərinin etibarlılığından və qanunun aliliyindən gedir.
Telexeber.az məsələni diqqətdə saxlayır və araşdırmanı davam etdirir.