Bakı şəhərinin Binəqədi rayonunda, Cəfər Xandan küçəsi 196 ünvanında yerləşən “Universal Hospital” özəl tibb müəssisəsi ilə bağlı narahatedici və ictimai maraq doğuran məlumatlar yayılıb.
Məsələ ilə bağlı redaksiyamıza daxil olan videofaktda görünür ki, xəstəxana binasının birinci mərtəbəsində yerləşən qazanxanadan müntəzəm olaraq açıq havaya iri həcmdə tullantılar buraxılır. Görüntülərdə qapalı məkanda quraşdırılmış dizel mühərrikli avadanlığın filtrasiya və ekoloji təhlükəsizlik normalarına uyğunluğu ciddi suallar doğurur.
Məlumatlara görə, sözügedən avadanlıqdan şəhərin mərkəzində tonlarla zərərli maddə atmosferə ötürülür. Bu isə təkcə ətraf mühit üçün deyil, yaxınlıqda yaşayan sakinlərin, eləcə də xəstəxanaya müraciət edən xəstələrin sağlamlığı üçün real risk deməkdir.
Ən diqqətçəkən məqam isə budur ki, tibb müəssisəsi olmasına baxmayaraq, “Universal Hospital”ın istifadə etdiyi bu texniki sistemin hansı funksiyanı yerinə yetirdiyi, hansı icazə və rəy əsasında fəaliyyət göstərdiyi hələ də açıqlanmır. Ekoloji normativlərə, sanitar-gigiyenik tələblərə və mövcud qanunvericiliyə əməl olunub-olunmaması isə açıq qalır.
Qeyd edək ki, şəhərin mərkəzində yerləşən istənilən obyekt xüsusi ekoloji nəzarət altında olmalı, ətraf mühitə və insan sağlamlığına zərər verəcək fəaliyyətə yol verməməlidir. Bu baxımdan, yayılan görüntülər aidiyyəti qurumların dərhal müdaxiləsini zəruri edir.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, eləcə də Baş Prokurorluq tərəfindən rəsmi araşdırma aparılması, videoda əks olunan faktlara hüquqi qiymət verilməsi ictimai gözləntidir.
Telexeber.az olaraq bildiririk ki, sözügedən məsələ diqqətimizdə saxlanılacaq və mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
İctimai sağlamlıq susqunluq qəbul etmir. Şəhərin havası heç kimin şəxsi mülkü deyil.