Şirvanda abadlıq işləri ilə bağlı narazılıq: sakinlər obyektlərə üstünlük verildiyini iddia edirlər


Şirvan şəhərinin "Köhnə Şəhər" adlanan yaşayış massivində həyata keçirilən abadlıq və yenidənqurma işləri ilə bağlı narazılıqlar səsləndirilib.

Şəhər sakini Mirabbas adlı vətəndaşın sosial şəbəkədə paylaşdığı videoda iddia olunur ki, abadlıq işlərinin icrasında yaşayış məntəqələrinin problemləri arxa plana keçirilib, əsas diqqət isə yol kənarında yerləşən bəzi obyektlərin ətrafının abadlaşdırılmasına yönəldilib.

Videomüraciətdə qeyd edilir ki, sakinlərin uzun müddətdir mövcud olan məişət problemləri, o cümlədən bəzi yaşayış evlərinin dam örtüyünün təmiri ilə bağlı müraciətləri lazımi səviyyədə diqqət görmür. Müəllif bununla yanaşı, abadlıq işlərinə cavabdeh olduğu bildirilən Elşən adlı əməkdaşın fəaliyyətindən narazılığını ifadə edib.

Sakinlərin fikrincə, abadlıq işlərinin planlaşdırılması zamanı yaşayış məhəllələrinin ehtiyacları daha çox nəzərə alınmalı, şəhid ailələri və sosial həssas təbəqələrin müraciətlərinə xüsusi diqqət yetirilməlidir.

Qeyd olunan görüntülərin Telexeber.az-ın YouTube səhifəsində yayımlandığı bildirilir.

Məsələ ilə bağlı Bakı Abadlıq Xidməti MMC-nin və adı çəkilən şəxsin mövqeyini dərc etməyə hazırıq.
Популярный ролик