
"Azərbaycanda Aşura günü münasibətilə keçirilən qanvermə aksiyaları artıq ənənə halını alıb və bu təşəbbüslər Kərbəla hadisəsinin mahiyyəti ilə tam uyğunluq təşkil edir".
Telexeber.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, fəlsəfə doktoru Elnur Mustafayev deyib.
Onun sözlərinə görə, ölkənin müxtəlif qurumlarında, eləcə də dini ibadət məkanlarında Aşura günlərində mütəmadi olaraq qanvermə aksiyaları təşkil edilir və toplanan qan ehtiyacı olan insanlara yönləndirilir.
“Bu təşəbbüs Aşura gününün fəlsəfəsi və ruhu ilə üst-üstə düşür. Buradakı əsas məqsəd xeyirxah niyyətlə insanların həyatına dəstək olmaq, ehtiyacı olanlara yardım göstərməkdir”, – deyə o bildirib.
E.Mustafayev qeyd edib ki, Aşura mərasimləri zamanı bədənə xəsarət yetirilməsi və milli-mənəvi dəyərlərə uyğun olmayan hərəkətlərdən uzaq durulmalıdır.
“Bu cür hallar Aşura gününün mahiyyəti ilə ziddiyyət təşkil edir. Kərbəla hadisəsinin fəlsəfəsinin əsasında mənəvi və əxlaqi dəyərlər, ümumbəşəri ideyalar və xeyirxah məqsədlər dayanır. Qanvermə aksiyaları isə məhz bu dəyərlərin təcəssümüdür və Aşura fəlsəfəsinə tam uyğun gəlir”, – deyə İctimai Şuranın sədri vurğulayıb.
E.Mustafayev vurğulayıb ki, Kərbəla hadisəsinin fəlsəfəsində ümumbəşəri ideyalar, yüksək mənəvi-əxlaqi dəyərlər və xeyirxah məqsədlər dayanır. Bu baxımdan qanvermə aksiyaları Aşura və Kərbəla hadisəsinin mahiyyətinin yaşadılması, həmçinin cəmiyyətdə yardımlaşma və həmrəylik ənənələrinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.