Ağsuda polisin sürücünü döyməsi xəbərinə - DİN-dən açıqlama
- 04.09.2020, 09:45,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
"Sosial şəbəkələrdə Ağsu rayon sakini Talıb Hüseynovun polis əməkdaşı tərəfindən döyülməsi və ona qarşı qanunsuz tələblərin irəli sürülməsi ilə bağlı fikirləri həqiqəti əks etdirmir".
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Telexeber.az-a daxil olan məlumatda deyilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məsələyə münasibət bildirib:
"Avqust ayının 27-də Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin inspektorları şəhər ərazisində xidmət aparan zaman “VAZ 2106” markalı avtomobili idarə edərkən sürücüsünün sükan arxasında mobil telefonla danışdığı üçün ona “saxla” əmri veriblər. Polis əməkdaşı özünü sürücüyə təqdim edərək, törətdiyi qayda pozuntusunu izah edib və sənədlərini istəyib. Ancaq sürücü avtomobildən düşərək, polis əməkdaşlarını nalayiq ifadələr işlədərək təhqir edib və mobil telefonun kamerası ilə onların video çəkilişinə başlayıb. Həmin görüntüləri ictimailəşdirərək, onları işdən azad etdirəcəyini bildirib və hədə-qorxu gəlməyə başlayıb. Xırda xuliqanlıq hərəkətlərinə davam etdiyinə görə o, Polis Şöbəsinə dəvət olunub. Həmin sürücü-Ağsu rayon sakini Talıb Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu ( xırda xuliqanlıq ) və 342.6-cı (Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə ) maddələri ilə protokol tərtib edilərək, cərimə olunub. Həmin şəxs Polis Şöbəsində yazdığı izahatında səhvini başa düşdüyünü və əməlindən peşman olduğunu bildirib.
T.Hüseynovun Polis Şöbəsində döyüldüyü və müəyyən məbləğdə pulunun ondan alınması barədə səsləndirdiyi fikirləri isə həqiqəti əks etdirmir və böhtan xarakterlidir. O, hər bir maddə üzrə 50 manat cərimə olunmaqla ümumilikdə 100 manat cərimələnib.”