"İctimai nəqliyyatda növbəti qiymət artımı 40-50 qəpik ətrafında ola bilər”.
Telexeber.az xəbər verir ki, bunu “redaktor.az”a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov bildirib.
Onun sözlərinə görə, əgər vahid taksi dispetçeri yaradılsa və vahid qiymət tətbiq edilsə, bu, ictimai nəqliyyatda da gediş haqqına öz təsirini göstərəcək:
"Tarif Şurası qiymət artımını əsaslandırmalıdır və bunun üçün də şərtlər dəyişməlidir; yanacağın qiymətində ciddi artım, avtobuslarla daşınan sərnişinlərin sayı az olmalıdır (ancaq oturacaq sayı qədər). Lakin hazırda bizdə ictimai nəqliyyatda "mehriban olmaq” məsələsi hökm sürür.
Qısacası, bu tip əsaslar olmadan Tarif Şurası qiymət artımı edə bilməz. Əgər taksi qiymətləri artsa, bütün tələb ictimai nəqliyyata yönələcək. Amma ictimai nəqliyyat istiqamətində də hələ də yekunlaşmayan, həll edilməsi gərəkən problemlər mövcuddur”.
Ekspert qeyd edib ki, BNA taksi xidmətləri sahəsində olduğu kimi, bu sahədə də xüsusi konsepsiyalar hazırlamalıdır:
"Məsələn; keyfiyyətin artırılması istiqamətində standartların tətbiq edilməsi, leqallaşmanın aparılması, dövriyyənin şəffavlığı, sürücü və müştərilərin təhlükəsizliyinin təmin edilməsi lazımdır.
İctimai nəqliyyatda növbəti qiymət artımı 40-50 qəpik ətrafında ola bilər. Qiymətlər indiki kimi 30% artırılsa, bu, kifayət qədər dövriyyə deməkdir. Lakin bu qeyd edilənlər hazırkı dövr üçün heç də uyğun olmaz”.