Paytaxtın Nəsimi rayonunda çay evlərindən birindən oğurluq edilməsinin qarşısı mühafizə polisləri tərəfindən alınıb.
Telexeber.az-a Dİn-nin Mətbuat Xidmətindən verilən məlumata görə, rayon ərazisində yerləşən xüsusi texniki vasitələrlə qorunan obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib. Əraziyə gələn polislər obyektə baxış keçirən zaman bir nəfərin çay evinin elektrik naqillərini kəsərək oğurlayıb qaçmasının şahidi olublar. Polislərin çevikliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən Yevlax şəhər sakini Namiq Məlikov saxlanılaraq ərazi üzrə 19-cu Polis Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bu ilin 6 ayı ərzində Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində mühafizə olunan müxtəlif obyektlərdən ümumilikdə 14 oğurluğa cəhd edilib. Bu cəhdlərin qarşısı idarənin əməkdaşları tərəfindən vaxtında alınıb. Həmin hadisələr üzrə ümumilikdə 11 nəfər saxlanılaraq ərazi üzrə polis şöbə və bölmələrinə təhvil verilib. Bundan başqa hesabat dövründə Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən ictimai qaydanı pozan 44 nəfər saxlanılaraq barələrində qanunla nəzərdə tutulan qaydada tədbir görülüb.