“Pfizer” vaksininin 12 yaşdan yuxarı uşaqlar üçün təhlükəsizliyi xeyli müddətdir ki, sübuta yetirilib. Böyüklərdə həmin vaksinin effektiliyi 92-96 faiz arasında dəyişirsə, uşaqlarda bu göstərici 100 faizdir.
Telexeber.az xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov deyib. O bildirib ki, uşaqlarda immunitet virusa qarşı güclü olsa da, “Delta” ştamında bu bir qədər fərqlidir: “Çində aparılan tədqiqatlarda Çin vaksininin də təhlükəsiz olması sübuta yetirilib. Onlar bu peyvəndin 3 yaşdan yuxarı uşaqlarda istifadəsinə icazə verib. Ölkədə isə bu vaksinin azyaşlı uşaqlar üçün istifadəsi ilə bağlı heç bir müraciət olmayıb. Azərbaycan buna ciddi lüzum da görmür. Çünki bizdə uşaqlar bu xəstəliyə çox az yoluxur. Yoluxduqda isə ya simptomsuz, ya da yüngül keçirirlər. Bundan başqa ölkəmizdə gənclərin sayı yaşlılarla müqayisədə çoxdur. Avropa ölkələrində isə yaşlıların sayı çoxdur. Bir çox ölkələrdə, o cümlədən bəzi Avropa ölkələrində vaksinasiyaya münasibət qeyri-müəyyəndir. Bu isə yaşlıları risk altına salır. Çünki mütəxəssislər uşaqlarda bu virusun gizlənib qala biləcəyini düşünür”.