“İnstagram” sosial şəbəkəsində leykoz xəstəliyindən əziyyət çəkən bir uşağın şəkillərini paylaşaraq yardım istəyən və edilən yardımları şəxsi ehtiyacları üçün xərcləyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Telexeber.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinə müraciət edən vətəndaşlardan biri şikayət edərək bildirib ki, “İnstagram” sosial şəbəkəsində leykoz xəstəliyindən əziyyət çəkən qızının şəkilləri tanımadığı insanlar tərəfindən paylaşılaraq onların adından şəbəkə istifadəçilərindən pul istənilir.
Bununla əlaqədar həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən edilib ki, həmin səhifə Gəncə şəhərində yaşayan Rafiq Cəfərov tərəfindən yaradılıb və idarə edilir. Saxlanılaraq idarəyə gətirilən həmin şəxs “İnstagram” sosial şəbəkəsində “firuzeye_destek_olaq” adlı səhifə yaratdığını etiraf edib.
Araşdırma zamanı müəyyən edilib ki, R.Cəfərov səhifədə tibbi yardıma ehtiyacı olan şəxsə kömək edilməsi ilə bağlı elan və şəkil yerləşdirərək izləyicilərdən pul toplayıb. Saxlanılan şəxs yardım məqsədi ilə ona müraciət edən sosial şəbəkə istifadəçilərinə bank kartı göndərərək pulun ora köçürülməsini tələb edib. Daha sonra o, pulları kartdan çıxararaq nağdlaşdırıb və şəxsi istifadəsi üçün xərcləyib. R.Cəfərovun yaşadığı mənzilə baxış keçirilən zamanı iş üzrə əhəmiyyət kəsb edən elektron məlumatlar və digər məlumat daşıyıcıları aşkar olunaraq götürülüb.
Qeyd olunan faktın hərtərəfli araşdırılması Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində davam etdirilir.