Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əyani qəbulla bağlı qaydalara dəyişiklik edib. Vətəndaşlara xidmətlər onlayn növbə əsasında göstəriləcək. Bəs, onlayn qeydiyyat hansı platforma üzərindən və necə həyata keçiriləcək?
Telexeber.az xəbər verir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi gələn aydan etibarən vətəndaşların əyani müayinəsini fərqli qeydiyyat əsasında aparacaq. Agentliyin mətbuat katibi Gülnar Əzizova "Xəzər Xəbər"ə bildirib ki, COVID-19 virusunun yayılmasının qarşısını almaq, həmçinin, vətəndaş məmnuniyyəti və operativ xidmətin təmin edilməsi məqsədilə vətəndaşlara xidmət onlayn növbə əsasında göstəriləcək.
Qəbula yazılmaq üçün www.dtsera.az linki vasitəsilə qeydiyyatdan keçərək və ya +994 99 819 19 23 “WhatsApp” nömrəsinə fərdi məlumatlarınızı göndərərək onlayn növbə ala bilərsiniz.
Sözügedən portal artıq istifadəyə verilib. Gələn aydan agentliyə əyani müayinə üçün müraciət etmək istəyən şəxslər portal vasitəsilə qeydiyyatdan keçə bilərlər.