Bakının Sabunçu rayonunda 1994-cü il təvəllüdlü Murad şəxsi münasibətlər zəminində tanışı Minəxanıma xəsarət yetirib.
Telexeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, Murad Minəxanımın bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vurub. Bu əməlləri o, bir neçə dəfə törədib.
İstintaq orqanı tərəfindən Muradın barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərərvurma), 127.2.2-ci (xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində qəsdən sağlamlığa az ağır zərərvurma) və 133.2.6-cı (işgəncə verməklə əzab vermə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Fikrət Qəribovun icraatında araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Murad özünü yalnız Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə təqsirli bilib: "Həbsdən öncə tikintidə usta işləmişəm. Minəxanımı yaşadığım məhəllədən tanımışam. Ailə üzvləri ondan imtina etdikləri üçün tək yaşayırdı. Rəhmim gəldiyi üçün Maştağa qəsəbəsi, "Çiləgir" yaşayış massivində kirayə ev tutaraq orada onunla birlikdə qeyri-rəsmi münasibətdə yaşamağa başladım. Hər ay 150 manat kirayə haqqı ödəmişəm. Minəxanım tufeyli həyat tərzi keçirdiyindən günlərlə evə gəlmirdi".
Təqsirləndirilən şəxsin sözlərinə görə, sonuncu dəfə isə ümumiyyətlə evə gəlməyib: "Mən də öz ailəmin yanına qayıtdim. Bir müddət sonra yenidən Minəxanımla qarşılaşdım. O, uzun müddət ruhi-əsəb dispanserində qaldığını bilidrdi. Rəhmim gəldiyi üçün onu özümlə yaşadığım Maştağa qəsəbəsindəki evə apardım, on üç gün müddətində həyətdəki yarımtikilidə saxladım.
Həmin müddətdə yarımtikilinin qapısını qıfıllamamışam. Minəxanım ruhi-əsəb pozuntusundan əziyyət çəkdiyi üçün etdiyi hərəkətlərin mənasını tam anlamır, mənim, ailə üzvlərimin ünvanına nalayiq ifadələr işlədir, söyüş söyürdü. Buna görə aramızda mübahisə olurdu. Lakin onu cəmi bir dəfə yumruq və təpiklə vurmuşam. Ona qarşı başqa hər hansı bir zorakılıq əməli törətməmişəm. Hətta Minəxanım özü mənə doğma qardaşı tərəfindən döyüldüyünü bildirmişdi".
Murad qeyd edib ki, ibtidai istintaq zamanı hadisəni olduğu kimi danışıb: "Müstəntiq mənə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham olunacağımı dedi. Lakin istintaq təcridxanasında olduğum vaxt bir neçə maddə ilə təqsirləndirildiyimi öyrəndim".
Təqsirləndirilən şəxsin ibtidai araşdırma orqanına verdiyi ifadə ilə məhkəmə ifadəsi arasında ziddiyətlər olduğu üçün onun ibtidai araşdırma orqanına verdiyi ifadəsi elan edilib.
Həmin ifadəsində o, Cinayət Məcəlləsinin 126.2.3, 127.2.2 və 133.2.6-cı maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilib. Göstərib ki, Minəxanımla təxminən bir il əvvəl yaşadığı məhəllədə tanış olub: "Minəxanım tək yaşadığından və buna görə də rəhmim gəldiyindən onunla Maştağa qəsəbəsi, "Çiləgit" yaşayış massivində kirayə ev tutaraq qeyri-rəsmi yaşamağa başladım. Minəxanım tüfeyli həyat tərzi keçirdiyindən bir neçə gün evə gəlmədi. Bir müddətdən sonra yenidən həmin evə gələrək mənimlə yaşadı. Minəxanımla dörd-beş ay "Çiləgir" massivində kirayədə yaşadıqdan sonra Maştağa qəsəbəsi, R.Salmanov küçəsində yerləşən ailəmin yaşadığı evə gələrək orada yaşadım. Minəxanım isə arabir yaşadığım evə gəlib, evin həyətyanı sahəsində yerləşən yarımtikilidə qalıb".
Təqsirləndirilən şəxsin ifadəsinə görə, sonuncu dəfə iyulun 27-də saat 18 radələrində yaşadığı evdə tək olarkən Minəxanım evə gəlib və onunla qalmaq istədiyini bildirib: "Mən də etiraz etmədim, Minəxanımı evə dəvət etdim.
Həmin gün Minəxanımla söhbət zamanı məni təhqir etdiyi üçün yaşadığım evin həyətyanı sahəsində başından, üzündən və bədəninin müxtəlif nahiyələrindən yumruq, təpiklə zərbələri vurdum. Minəxanımı döydükdən sonra onu kimsənin görməməsi üçün həyətyanı sahədə yerləşən yarımtikilidə saxladım. Ona gündəlik yemək, su və digər ərzaq məhsulları vermişəm".
Murad qeyd edib ki, avqustun 9-da polis əməkdaşları gələrək Minəxanımın qaldığı yeri aşkar edib və onları polis bölməsinə aparıblar.
Daha sonra Murad deyib ki, Minəxanım onu təhqir etdiyi üçün döyüb və sonradan rəhmi gəldiyindən yarımtikilidə saxlayaraq ona qulluq edib:
"Minəxanımı iyulun 27-də döymüşəm və yarımtikilidə saxladığım on üç gün ərzində ona heç bir xəsarət yetirməmişəm. Onu yarımtikilidə saxlayarkən əl və ayaqlarını bağlamamışam, gəzmək istəyərkən yarımtikilidən çıxararaq həyətdə gəzdirmişəm. Yarımtikilinin qapısı olmadığından Minəxanım istənilən vaxt otaqdan çıxaraq gəzə bilərdi. Anam və atam yataq xəstəsi olduğundan gəzməkdə çətinlik çəkir və günün çox hissini yataq otağında keçiriblər. Ona görə də ailə üzvlərimin həmin hadisədən xəbərləri olmayıb. Narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməmişəm".
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Minəxanımın sözlərinə görə, təqsirləndirilən şəxslə təxminən bir il altı ay əvvəl yaşadığı məhəllədə tanış olub: "Sonradan onunla birlikdə "Çiləgir" massivində kirayə tutduğumuz evdə qeyri-rəsmi yaşamağa başladıq. Murad təxminən dörd-beş ay mənimlə kirayədə qaldı. 2021-ci ilin mayın sonlarında ailəsinin yaşadığı evə qayıtdi.
Daimi yaşayış yerim olmadığından arabir Muradın evinə gedib, həyətyanı sahədəki yarımtikilidə qalırdım. Murad həddindən artıq qısqanc olduğu üçün məni bir neçə dəfə döyərək xəsarət yetirib. O məni öz ailəsinə belə qısqanırdı. Muradın ailəsi ilə aralarında soyuq münasibət vardı".
Zərərçəkmişin sözlərinə görə, 2021-ci ilin iyunun əvvəllərindən Murad yaşadığı evin həyətyanı sahəsində olduğu müddətdə onu döyüb: "Başıma, bədənimin müxtəlif nahiyələrinə yumruq və təpiklə vuraraq xəsarətlər yetirdi. Məni döyməməsi üçün yalvarsam da, buna məhəl qoymurdu".
Zərərçəkmiş qeyd edib ki, sonuncu dəfə iyulun 27-də saat 18 radələrində Muradın yaşadığı evə gedib və onunla qalmaq istədiyini bildirib: "Murad da etiraz etməyərək məni evə dəvət etdi. Həmin gün söhbət zamanı başımın, bədənimin müxtəlif nahiyələrinə yumruqla, təpiklə zərbələr endirərək məni döydü. Sonra isə həyətyanı sahədə yerləşən yarımtikilidə saxladı. Bundan sonra da Murad məni dəfələrlə döydü.
Arabir yarımtikilidən çıxaraq həyətdə gəzirdim. Orada qaldığım müddətdə Murad məni içki və qida ilə təmin edib. Həmçinin gündəlik tələbatlarımı təmin etməkdə mənə köməklik göstərib. Oradan getməyim üçün şərait olub, yəni, Murad evdə olmayanda gedə bilərdim. Lakin Muraddan qorxduğum üçün getməmişəm. Mənim ərim olduğu üçün ona qarşı çıxa bilmirdim. Həm də yaşadığımız qəsəbədə qadının ərindən ayrılması xoş qarşılanmırdı. Murada məni döyməməsi üçün dəfələrlə yalvarsam da, mənə məhəl qoymayıb. Ağır iztirablar verərək döyüb və nəticədə qabırğalarım sınıb".
Minəxanım qeyd edib ki, avqustun 9-da Murad onu növbəti dəfə döyüb: "Bu zaman ona əvvəlki döyülmələrim nəticəsində aldığı xəsarətlərin sağalmadığını bildirdim. Ağrılara dözə bilməməyim barədə yalvarmağıma məhəl qoymadı. Məni döyməyə davam etdi.
Sonra polis əməkdaşları gələrək qaldığım yeri aşkar etdilər, polis bölməsinə apardılar. Murad məni sonuncu dəfə döyəndə barmaqlarımı, qabırğalarımı sındırıb, başıma qoyulmuş üç tikiş hələ də açılmayıb. Mənə təqsirləndirilən şəxsdən başqa heç kim xəsarət yetirməyib".
Murad 7 il müddətinə azadlıqdan məhrum edilib.