Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbi qulluqçularının birgə keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, kultivasiyası ilə məşğul olan və üzərində “Kalaşnikov” avtomatı gəzdirən ümumilikdə 7 nəfər saxlanılıb.
Bu barədə Telexeber.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının rayon ərazisində yerləşən yüksək dağlıq ərazilərdə birgə keçirdikləri “Darama” əməliyyatları zamanı 3 narkotik plantasiyası aşkar edilib.
Həmin plantasiyaları salan şəxslərdən yaş halda çəkisi 900 kiloqram olan 1098 ədəd narkotik tərkibli çətənə kolu,13 kiloqrama yaxın qurudulmuş marixuana, 2 ədəd ov tüfəngi və həmin silaha aid patronlar aşkar olunub.
Daxil olan məlumat əsasında keçirilən növbəti tədbir nəticəsində isə Tacəddin Kaltayev və Elnur Əliyev tutulub,şəxsi axtarış zamanı onlardan marixuana aşkarlanıb.
Araşdırma zamanı saxlanılan şəxslərin narkotik vasitəni əvvəllər məhkum olunmuş İsrafil Əliyevdən aldıqları müəyyən edilib.
Davam etdirilən tədbirlərlə İsrafil Əliyev də tutularaq istintaqa təhvil verilib və ondan satış məqsədilə üzərində daşıdığı 200 qrama yaxın marixauna götürülüb.
Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat nəticəsində isə üzərində qanunsuz odlu-silah sursat gəzdirən rayon sakini Elxan Qarayev saxlanılıb. Həmin şəxsdən istifadəyə yararlı “Kalaşnikov” avtomatı, sandıqça və 30 ədəd patron aşkarlanaraq götürülüb.
Aşkar edilən bütün faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirlir.