Ağcabədidə 16 min tondan çox pambıq yığılıb
- 23.10.2022, 11:04,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Respublikada pambığın mexanikləşdirilmiş üsulla kütləvi yığımı prosesinə 447 pambıqyığan kombayn və 3085 traktor yedəyi cəlb olunub.
Telexeber.az-a Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, texnikaların sayı məhsulun 100 faizə yaxınını mexaniki üsulla yığmağa imkan verir.
Bu il ölkə üzrə 16 rayonda 100 min hektardan artıq sahədə pambıq əkilib. Ən çox pambıq Saatlı, Ağcabədi, Sabirabad, Bərdə, Salyan, Neftçala və Beyləqan rayonları ərazisində əkilib. Bu rayonlarda pambıq sahələrinin həcmi 8 min hektardan çoxdur.
Bu il Ağcabədi rayonunda 11838 hektar sahədə pambıq əkini aparılıb. Ağcabədili fermerlər bugünədək sahələrdən 16 min tondan çox pambıq yığaraq tədarük məntəqələrinə təhvil veriblər. Hazırda rayon üzrə orta məhsuldarlıq 14 sentner təşkil edir. Sahələrdə bol məhsul olması səbəbilə bu il mövsümün sonunda Ağcabədidə pambıq üzrə orta məhsuldarlığın çox yüksək olacağı gözlənilir.
Güclü pambıqçılıq ənənələri olan Ağcabədidə bu texniki bitkinin becərilməsinə maraq ildən-ilə artır. 2022-ci ildə pambıq emalı və tədarükü məntəqələri satın alınan məhsulun hər tonuna görə qiyməti 100 manat artırıblar. Ötən il 1-ci sort pambığın bir tonu 700 manata alınırdısa, bu il qiymət 800 manata qaldırılıb. Aqrar Subsidiya Şurasının qərarına görə, 2022-ci il pambıq mövsümü üçün yalnız məhsul subsidiyası vermək barədə qərar qəbul edib. Məhsul subsidiyasının miqdarı hər tona görə 70 manat artırılıb. Bu il fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə dövlətdən 170 manat məhsul subsidiyası alacaqlar. Dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi pambıq becərən fermerlərin bu il milyonlarla manat əlavə gəlir əldə etməsinə səbəb olacaq. Çünki məhsul subsidiyasına keçid və pambığın alış qiymətinin artırılması fermerləri aqrotexniki becərməni daha yaxşı aparmağa, daha çox məhsul istehsal edərək daha çox gəlir əldə etməyə sövq edir.
Respublikada pambıq yığımı davam edir. Yığımın optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.