Ukrayna prezidenti Vladimir Zelenski ölkəni tərk edən deputatları və bütün dövlət qulluqçularını 24 saat ərzində ölkəyə qayıtmağa çağırıb.
Telexeber.az xəbər verir ki, bu barədə Zelenski xalqa müraciəti zamanı bildirib. “Ukrayna xalqı sizə təkcə dövləti idarə etməyi deyil, həm də onu qorumağı etibar edib” - deyən Zelenski, ölkəni tərk etməyi planlaşdıran rəsmi şəxsləri də fikrindən daşınmağa çağırıb. Bu arada, Zelenski fevralın 16-da Rusiyanın Ukraynaya hücum edəcəyi barədə iddialara da cavab verib: “Deyirlər ki, fevralın 16-sı hücum günü olacaq. Biz bunu birlik günü edəcəyik. Bununla bağlı müvafiq sərəncam imzalanıb”. Qeyd edək ki, Vladimir Zelenski Ukraynada olmadığı barədə iddialara cavab olaraq, sosial media hesabında Valentin günü ilə bağlı paylaşım edib. O, paylaşımında həm xanımını təbrik edib həm də ailəsi ilə birgə Kiyevdə olduğunu bildirib.