Müqtəda əs-Sədr aclıq aksiyasına başladı
Facebook
Вконтакте
Одноклассники
Google+
İraqda dini və siyasi lider Müqtəda əs-Sədr aclıq aksiyasına başlayıb.
Telexeber.az xəbər verir ki, bu barədə onun yaxın adamı hesab edilən deputat Hasan Azari açıqlama verib. O bildirib ki, silahlı toqquşmalar başa çatana qədər Sədr aclıq aksiyasına davam edəcək. Azari tərəfdarları toqquşmaları dayandırmağa çağırıb.
Qeyd edək ki, Bağdadda Müqtəda əs-Sədrin milisləri ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar davam edir. Milislər ağır silahlarla “yaşıl bölgə”yə hücum edir. Toqquşmalar nəticəsində azı 12 nəfər həlak olub. Bağdadda komendant saatı tətbiq edilib. Bir sıra dövlət qurumları işləmir. Məlumata görə, siyasi liderlər Müqtəda əs-Sədrə zəng edərək, ondan tərəfdarlarına geri çəkilmək barədə çağırış etməsini demək istəyirlər. Lakin Müqtəda əs-Sədr zənglərə cavab vermir. Müqtəda əs-Sədrin siyasətdən çəkilməsi ilə bağlı açıqlamasından sonra onun tərəfdarları Prezident sarayına hücum etmişdi. Ardınca polis güc tətbiq edərək, onları saraydan uzaqlaşdırıb. Saraydan çıxan etirazçılar binanın ətrafında mövqe tutaraq, polislə toqquşub.