Xəbər verdiyimiz kimi, Rusiya sülhməramlılarının komandanı Aleksandr Volkovun vəzifəsindən azad ediləcəyi, onun yerinə Rusiya müdafiə nazirinin müşaviri, general-polkovnik Aleksandr Lentsov təyin ediləcəyi gözlənilir.
Telexeber.az axar.az-a istinadən xəbər verir ki, A.Lentsov 20 dekabr 1956-cı ildə Krasnodar diyarının Abinsk rayonunda anadan olub. Lenin adına Ryazan Ali Hava Desant Komandanlığı Məktəbini 1978-ci ildə bitirib.
103-cü hava desant diviziyasının tağım komandiri vəzifəsində çalışıb. 1979-cu ildə Əfqanıstana gedən Lentsov burada müxtəlif hərbi vəzifələri icra edib. 1980-1982-ci illərdə – hava-desant təlimlərinin təlimatçısı, kəşfiyyat briqadasının komandiri olub. Kəşfiyyat qrupuna rəhbərlik etdiyi 2 il ərzində bir döyüşçüsünü də itirmədən mühüm tapşırıqlar yerinə yetirib. 1982-ci ildə 234-cü paraşüt alayının kəşfiyyat komandiri, 1982-1983-cü illərdə 234-cü paraşüt batalyonunun qərargah rəisi olub. 1983-1986-cı illərdə də 234-cü Hava Desant Alayının batalyon komandiri olub.
1986-1989-cu illərdə M.V.Frunze adına Hərbi Akademiyada təhsil alıb. 1989-1990-cı illərdə 137-ci qvardiya hava-desant Kuban kazak alayının qərargah rəisi, 1990-1993-cü illərdə 331-ci qvardiya hava-desant alayının komandiri olub.
1993-cü ildən 104-cü Qvardiya Hava Desant Diviziyasının komandir müavini, üç il sonra – 1996-cı ildən 2009-cu ilə qədər 98-ci Qvardiya Hava Desant Svirsk Diviziyasının komandiri kimi çalışıb.
2008-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasında Ali Akademik Kursları bitirib.
2009-cu il avqustun 5-dən Hava-Dəniz Qüvvələrinin komandanının müavini olub.
Lentsov Əfqanıstan, Birinci və İkinci Çeçen, Bosniya, Cənubi Osetiya, Donbas və Suriya müharibələrində iştirak edib.
2011-ci ildə general-leytenant rütbəsi alan Lentsov 31 iyul 2013-cü ildə Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Quru Qoşunlarının Ali Baş Komandanının müavini təyin edilib. 13 dekabr 2014-cü ildə general-polkovnik türbəsi alıb.
2014-cü ilin sentyabr-dekabr aylarında Ukraynanın şərqində baş verən silahlı münaqişə zamanı və 2015-ci ilin yazında Ukraynanın Donetsk vilayətinin Soledar və Debaltsevo şəhərlərində atəşkəs məsələlərinin monitorinqi və əlaqələndirilməsi üzrə birgə Rusiya-Ukrayna mərkəzində bir qrup Rusiya hərbçisinə rəhbərlik edib. Münaqişə zamanı o, üç dəfə atəşə məruz qalıb: Donetsk hava limanında, Şirokino yolunda və Qorlovka yaxınlığında…
22 yanvar 2020-ci ildən isə Rusiya müdafiə nazirinin müşaviridir.