Ceyhun Bayramov ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri ilə görüşüb
- 04.05.2023, 08:46,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə görüşüb.
Bu barədə Telexeber.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əsas müzakirələrin Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə həsr olunduğu görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak edib.
Görüş zamanı Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi, bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı olduğunu, sülh sazişinin razılaşdırılmasının və imzalanmasının əhəmiyyətini vurğulayıb. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı addımlarından əl çəkməsinin vacib olduğu qeyd edilib. Bununla yanaşı, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasının ölkənin daxili məsələsi olduğunu, bu istiqamətdə səylərə Ermənistan tərəfinin müdaxiləsinin qəbuledilməz olduğunu diqqətə çatdırıb.
Nazir eyni zamanda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, habelə Ermənistan tərəfindən qəbul edilmiş öhdəliklərə zidd olaraq erməni silahlı qüvvələrin hələ də tam olaraq Azərbaycan ərazisindən çıxarılmamasının ciddi təhdid mənbəyi olduğunu vurğulayıb.
C.Sallivan bölgədə sülh və sabitliyin təmin olunmasında, sülh sazişi üzrə danışıqların uğurla nəticələnməsində ABŞ tərəfinin maraqlı olduğunu bildirib.