İsraildə ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edildi

İsraildə ilk dəfə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi tədbir keçirilib, Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev mərasimdə iştirak edib.

Bu barədə Telexeber.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.


Bildirilib ki, F.Rzayev mayın 21-25-də İsrailə işgüzar səfər edib, İsraildə hər il təşkil edilən “Herzliya” Konfransında iştirak edib, habelə İsrailin bir sıra dövlət məmurları və qeyri-hökümət təşkilatlarının nümayəndələri ilə görüşüb. O, “Herzliya” Konfransında “Azərbaycan-İsrail strateji əlaqələri” mövzusunda çıxış edərək Azərbaycan-İsrail münasibətləri, regional məsələlər, ölkəmiz tərəfindən həyata keçirilən strateji enerji və nəqliyyat layihələri, habelə digər mövzular barədə konfrans iştirakçılarını məlumatlandırıb.

Nazir müavini həmçinin İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Ronen Levi və baş direktorun müavini, Avrasiya bölməsinin rəhbəri Simona Halperin ilə görüşüb. F.Rzayev görüşlərdə tərəf müqabillərini postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində davamlı fəaliyyəti, habelə Ermənistan tərəfindən törədilən maneələr barədə məlumatlandırıb.

Nazir müavini o cümlədən Qüds Strategiya və Təhlükəsizlik İnstitutu, habelə Təl-Əviv Universiteti nəzdində fəaliyyət göstərən Moşe Dayan Yaxın Şərq və Afrika Araşdırmaları Mərkəzində ekspertlər, professor və tələbələrlə görüşüb.

O həmçinin Azərbaycanın İsraildəki Səfirliyi tərəfindən bu ölkədə ilk dəfə olaraq Müstəqillik Günü münasibətilə təşkil edilmiş rəsmi tədbirdə iştirak və çıxış edib.
Популярный ролик