Müharibə əlilləri, veteranları və şəhid ailələri Azərbaycan Respublikası Prezidentinin və Müdafiə Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzindədir. Bu qəbildən olan vətəndaşların sosial problemləri dövlət tərəfindən yüksək səviyyədə həll edilir, onlara ardıcıl olaraq hərtərəfli maddi və mənəvi dəstək göstərilir.
Respublikamızın ərazi bütövlüyünün qorunub saxlanılmasında, xidmət etdikləri hərbi hissələrin qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsində fərqlənən və döyüşlərdə şəhidlik zirvəsinə ucalan Malik və Sabir Mustafayev qardaşlarının anası da hər cür diqqət və qayğı ilə əhatə olunub.
Müdafiə Nazirliyindən Telexeber.az-a verilən məlumata görə, dekabrın 13-də Simuzər ananın övladlarından sonra mehrini saldığı iki nəvəsindən biri olan Elşadın toy mərasimində ağbirçək ana ömür yolları Qarabağ uğrunda döyüşlərdə qırılan igid övladlarının acısını qismən də olsa unudub. Həmin gün Müdafiə Nazirliyinin nümayəndələri, millət vəkilləri, incəsənət ustaları və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti nənənin sevincinə şərik olub, Simuzər anaya nəvələrinin boya-başa çatmasında göstərdiyi fədakarlığa görə minnətdarlıqlarını bildiriblər.
Toy mərasimində ən görkəmli yerdə Azərbaycanın dövlət bayrağının asılması, dövlət himninin bütün iştirakçılar tərəfindən birlikdə ifa olunması salonda əsl qələbə əhval-ruhiyyəsi yaradıb.
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova, İdeoloji İş və Mənəvi Psixoloji Təminat İdarəsinin zabiti Mansur İbadov, Milli Məclisin deputatlarından Hadı Rəcəbli, Qənirə Paşayeva, Hüseynbala Mirələmov və başqaları çıxış edərək bəylə gəlini təbrik edib, Simuzər anaya gözaydınlığı veriblər.
Şəhid anası müntəzəm olaraq ailəyə göstərilən diqqət və qayğıya, eləcə də toyun yüksək səviyyədə təşkilində göstərilən köməyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.