Azərbaycanda nümunəvi birgəyaşayış mühiti formalaşdırılıb, məscidlər, eləcə də xristian və yəhudi dini-mənəvi abidələrinə diqqət göstərilir.
Telexeber.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov mayın 1-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfər edən Rusiyanın baş ravvini Berl Lazar ilə görüşdə deyib.
DQİDK sədri bildirib ki, Azərbaycanın malik olduğu nümunəvi multikultural və tolerantlıq modelindən danışaraq Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində tolerantlıq ənənələri daha da inkişaf etdirilərək dövlət siyasətinə çevrilib.
R.Məmmədov vurğulayıb ki, dinlərarası harmoniyanın günümüzədək qorunub saxlanılmasında xalqımıza xas olan humanizmin və multikultural dəyərlərlə yanaşı, düşünülmüş dövlət siyasətinin də müstəsna rolu var.
Rusiyanın baş ravvini Berl Lazar qeyd edib ki, Azərbaycan xalqının zəngin multikulturalizm təcrübəsi, nümunəvi tolerant keyfiyyətlərə sahib olması beynəlxalq səviyyədə də tanınır və yüksək qiymətləndirilir.
Eyni zamanda görüş çərçivəsində dinlərarası dialoqa dair bir sıra məsələlərə toxunulub. Dünya müstəvisində dinlərarası dialoqun yeni reallıq, çağırış, o cümlədən perspektiv və imkanları müzakirə olunub.