Hüseyinov Fərhad: Şirvan suvarma kanalından minlərlə insan faydalancaq


Azərbaycanda su təsərrüfatının inkişaf etdirilməsinə xüsusi diqqət ayrılıb və bu istiqamətdə böyük magistral kanallar çəkilir, mövcud suvarma sistemlərinin yenidən qurulması və meliorasiya vəziyyətinin yaxşılaşdırılması kimi layihələrə imza atılır. Qlobal iqlim dəyişmələri və ölkədə suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində davamlı tədbirlər həyata keçirilir. Müxtəlif infrastruktur layihələrin reallaşması ölkədə su təminatının yaxşılaşdırılmasına, su itkilərinin qarşısının alınmasına, habelə aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə verib. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlinin qoyulması ölkəmizdə həyata keçirilən infrastruktur layihələri arasında böyük əhəmiyyət kəsb edir. Ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı Şirvan düzündə yerləşən 8 rayonun 112 min hektardan artıq əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Fasiləsiz istismar olunduğu 65 ildən çox müddət ərzində sözügedən kanalın cari və əsaslı təmirinə baxmayaraq, qurğuların öz funksiyasını itirməsi və digər amillər su itkisinin artmasına səbəb olmuşdur. Mövcud vəziyyətlə bağlı olaraq kanalın yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanıb. Yuxarı Şirvan suvarma kanalı yenidən qurulur. 1958-ci ildə istifadəyə verilən və ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı başlanğıcını Mingəçevir su anbarından götürür. Yuxarı Şirvan kanalı Şirvan düzündə yerləşən Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının 112 min hektardan çox əkin sahəsini suvarma və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. "Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Əkin sahələrinə gəldikdə isə o da iki dəfədən çox artırılacaq". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında deyib. Qeyd edək ki, sözügedən kanal 10 rayonu əhatə edəcəkdir. "Kanalın son nöqtəsi, bax, arxamdakı Hacıqabul gölü olacaq" – deyən Prezident bildirib ki, kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır.
Dövlətimizin başçısı çıxışında gələn il isə Qarabağ kanalının inşasına başlanılacağı mesajını da verib: "Bu da 115 min hektarı əhatə edəcək kanaldır. Orada da əhatə olunan rayonların sayı 9-a bərabərdir. Yəni, burada 10 rayon Şirvan kanalı vasitəsilə, 9 rayon isə Qarabağ kanalı vasitəsilə suvarılacaq".
Ölkəmizin ən böyük magistral suvarma kanalı olan Yuxarı Qarabağ kanalı Qarabağ zonası və ona yaxın ərazilərdə yerləşən 9 rayonun 115 min hektaradək əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir, habelə Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağına əlavə su ötürməklə müvafiq əkin sahələrinin su təminatına dəstək verir. Qarabağ kanalı su təchizatı infrastrukturunun müasirləşdirilməsi, su itkilərinin azaldılması və meliorasiya olunmuş torpaq sahələrinin genişləndirilməsində mühüm rol oynayacaqdır.
Prezident İlham Əliyev çıxışı zamanı onu da bildirib ki, növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəzifə içməli su layihələri və suvarma layihələri olacaqdır. Artıq genişmiqyaslı proqramın işlənib hazırlanıb və Şirvan və Qarabağ kanalları Taxtakörpü kanalı ilə birlikdə ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir. "Ancaq artıq qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcəkdir"- deyə Prezident bildirib.
Müasir dünyamızda iqlim dəyişikliyi ilə bağlı dünyada böyük narahatlıqlaq özünü büruzə verir. Azərbaycanda da bu narahatlıq yaşanmaqdadır. Etiraf edək ki, bu il ölkəmizdə quraqlıq müşahidə olunmadı. Bu il kifayət qədər qar, yağış yağdığını, su hövzələrimizdə, su anbarlarında kifayət qədər su olduğunu qeyd edən dövlətimizin başçısı bildirib: "Ancaq əvvəlki illərdə biz hər il quraqlıqla üzləşirdik. Bizim dağlarımıza daha az qar yağırdı. Çaylarımızda suyun səviyyəsi əvvəlki illərdə aşağı düşürdü, bəzi hallarda əsas çaylarımız quruyurdu. Xəzər dənizinin dayazlaşması göz önündədir. Bunu hər kəs görə bilir. Belə olan halda su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir".
Bütün sahələr üzrə hərtərəfli inkişaf etmiş, güclü iqtisadiyyata sahib olan müstəqil Azərbaycanın Prezidenti İlham Əliyevin ölkə həyatında həyata keçirdiyi irimiqyaslı layihələr, islahatlar ilə yeni-yeni nailiyyətlər əldə olunur. İşğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına yönəldilib. Bu gün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlər görülür, infrastruktur layihələri, suvarma layihələri, dəmir yolları, tunellər, hava limanları və s. tikilir, inşa olunur. 44 günlük Vətən müharibəsindən ötən üç il ərzində görülmüş işlər dövlətimizin iqtisadi gücünün göstəricisidir.
"Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində biz bu gün öz su mənbələrimizə tam sahib olmuşuq", - deyən Prezident diqqətə çatdırıb, Vaxtilə Ermənistanın təkcə bizim torpaqlarımızı deyil, resurslarımızı da işğal etdiyini xatırladan dövlətimizin başçısı bildirib: "Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları bizim ümumi su resurslarımızın 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır".
Bu gün işğaldan azad olunan ərazilərimizdə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işlərinin müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr uğurla icra olunur.

Hüseynov Fərhad Faməli oğlu
Şirvan Şəhər Su Kanal İdarəsinin rəisi.
Популярный ролик