Fransa Respublikası dezinformasiyaya qarşı mübarizə tədbirlərinin hüquqi-inzibati yolla tənzimlənməsi modelini tətbiq etmiş dövlətlər sırasında ilk yerlərdən birini tutur.
2005-ci ildən etibarən ölkədə bu missiya İnformasiya Sistemlərinin Təhlükəsizliyi üzrə Mərkəzi İdarəyə (DCSSI) həvalə edilib. İdarə özünün digər təməl funksiyalarını yerinə yetirməklə yanaşı, həm də “yalan xəbər”ə qarşı mübarizə tədbirləri görmək üzrə səlahiyyətləndirilib. 2009-cu ildə DCSSI-nin fəaliyyəti təkmilləşdirilib. Onun bazasında Milli İnformasiya Sistemlərinin Təhlükəsizliyi Agentliyi (ANSSI) formalaşdırılıb. Dezinformasiya ilə mübarizə tədbirləri də bu Agentliyin koordinasiyasına verilib.
Prosesin gedişində dezinformasiya ilə mübarizə sahəsində ixtisaslaşmış, mütəxəssislərdən ibarət əlahiddə mərkəzin yaradılması zərurəti ortaya çıxıb. 2017-ci ildə keçirilmiş prezident seçkisindən sonra bu təklifin üzərində xüsusilə dayanılıb. ANSSI-nin hesabatında qeyd edilib ki, 2017-ci il prezident seçkilərinin gedişində sosial şəbəkə platformaları üzərindən aparılan kampaniyalar çərçivəsində xaricdən idarə olunan və seçiciləri çaşdırmağı hədəfləyən dezinformasiyalar müəyyən edilib ( https://successfulsocieties.princeton.edu/publications/defending-vote-france-acts-combat-foreign-disinformation-2021-%E2%80%93-2022).
ANSSI təklif edib ki, Fransada milli siyasətixarici rəqəmsal təhdidlərdən qorumaq, dezinformasiyalardan müdafiə olunmaq üçün yeni idarə yaradılsın. Bu idarənin xaricdən yönləndirilən manipulyasiya xarakterli informasiyaları aşkar etməklə yanaşı, həmin informasiyaları resurslardan silmək səlahiyyətinə malik olması istənilib. Verilmiş təkliflərin yekunu olaraq ölkədə Milli Müdafiə və Təhlükəsizlik üzrə Baş Katibliyin nəzdində əlahiddə idarə - Xarici Rəqəmsal Müdaxiləyə Qarşı Sayıqlıq və Mühafizə Xidməti(VIGINUM) yaradılıb
( https://www.sgdsn.gouv.fr/notre-organisation/direction/services-competence-nationale ).
VİGİNUM geniş səlahiyyətlərə malikdir. O, dövlət qurumları arasında informasiya təhlükəsizliyi üzrə koordinasiyaedici mərkəzdir. Dezinformasiyanın yayılması yolları üzrə tədqiqatlar aparır, dövlət müəssisələrinə yalan məlumatlardan mühafizə olunmaq üçün məsləhətlər verir.
Mərkəz sosial media platformalarının milli seqmentini nəzarətdə saxlayır. Dezinformasiyalar müəyyən etdikdə, bu tip məlumatların aradan qaldırılması üçün tədbirlər görmək səlahiyyətinə malikdir.
Fransa hökuməti dezinformasiyaya qarşı mübarizə üzrə inzibati qurumlar yaratmaqla yanaşı, həm də bu sahədə sərt qanunvericilik bazası formalaşdırıb. 2018-ci ildə “Yalan məlumatlara qarşı mübarizə ilə bağlı 799 saylı təklif” (Təkliflər paketi) Milli Assambleyada müzakirəyə çıxarılıb. Bu təkliflər ölkədə informasiya dövriyyəsinə aidiyyatı olan qanunların yeniləşdirilərək, dezinformasiya ilə mübarizə tədbirlərinə uyğunlaşdırılmasını nəzərdə tutub. Dəyişikliklər “Rabitə haqqında 1986-cı il tarixli Qanun”u, “Rəqəmsal iqtisadiyyat haqqında 2004-cü il tarixli Qanun”u, “Audiovizual yayım haqqında Qanun”u, “Mətbuat azadlığı haqqında 29 iyul 1881-ci il tarixli qanun”u,“Seçki Məcəlləsi”ni və digər hüquqi aktları əhatə edib. Məsələn, Seçki Məcəlləsinin 112-ci və 163-1-ci maddələri dəyişdirələrək yeni redaksiyada verilib. Mahiyyəti budur ki, seçki prosesi dövründə dezinformasiya xarakterli məlumatların yayılması qadağan edilir. Bu qadağaları pozanları 1 illik həbs cəzası və ya 75.000 avro məbləğində cərimə gözləyir ( https://www.assemblee-nationale.fr/dyn/15/textes/l15b0799_proposition-loi ).
Seçki Məcəlləsindəki dəyişiklik seçki kampaniyaları zamanı yayılmış “saxta xəbərləri” dərhal dövriyyədən çıxarmaq üçün hakimlərə səlahiyyət verir. (https://www.assemblee-nationale.fr/dyn/15/textes/l15b0799_proposition-loi ). Yeniliyə əsasən, namizədlər və siyasi partiyalar seçki prosesinin əhatə etdiyi üç ay ərzində qeydə aldıqları “yalan məlumatlar”ın dövriyyədən çıxarılması üçün hakimə müraciət edərkən operativ qərar verməlidir.
Fransada qəbul edilmiş “Yalan məlumatlara qarşı mübarizə ilə bağlı 799 saylı təklif” sosial şəbəkə platformalarını da əhatə edir. Sosial şəbəkə platformaları, internet axtarış sistemləri, xəbər portalları və digər onlayn informasiya resursları “yalan məlumatlar”ın yayılmasının qarşısını almaq üçün mexanizmlər qurmaq üzrə öhdəlik daşıyırlar. Sistem administratorları, xidmət təminatçıları öz üzərlərinə saxta hesab olunan məlumatları nəzarətdə saxlamaq, bu yöndə müvafiq dövlət orqanlarını xəbərdar etmək vəzifəsi götürürlər.
Yeniləşmə paketinə əsasən, Ali Audiovizual Şura qarşısında da yeni öhdəliklər yaranır. “Audiovizual Kommunikasiyalar Qanunu”na edilən dəyişikliklərdən sonra Ali Audiovizual Şuraya səlahiyyət verilir ki, xaricdən idarə olunan dezinformasiya tipli məlumatlar qeydə alındığı andan dərhal sonra həmin məlumatı yayan televiziya/radio xidmətinin yayımını dayandırsın ( https://www.legifrance.gouv.fr/loda/id/LEGISCTA000043969260 ).
Özündə dezinformasiyaya qarşı mübarizə tədbirlərini ehtiva edən bütün bu dəyişikliklər “İnformasiya manipulyasiyasına qarşı mübarizə haqqında 1202 saylı QANUN” adı ilə 2018-ci ilin dekabr ayında qəbul edilib ( https://www.legifrance.gouv.fr/jorf/id/JORFTEXT000037847559/ ). Aydınlıq yaranması üçün qeyd edək ki, “İnformasiya manipulyasiyalarının qarşısının alınması haqqında Qanun”un özündə saxta xəbərlərin yayılmasını qadağan edən müddəalar yoxdur. O, informasiya yayımına aidiyyatı olan digər qanunların yeniləşdirilməsini, dezinformasiyaya qarşı mübarizə aparılması üçün yeni maddələr əlavə olunmasını ehtiva edir. “İnformasiya manipulyasiyalarının qarşısının alınması haqqında Qanun”un 2018-ci ildə qəbul edilməsindən sonra ölkədə informasiya yayımına aid olan hüquqi aktlar yenilənib. Dezinformasiyaya qarşı inzibati tədbirlər görülməsi üçün hüquqi zəmin yaradılıb (https://maint.loc.gov/law/help/fake-news/france.php#:~:text=The%20French%20government%20can%20rely,that%20could%20affect%20an%20election.)
Fransa parlamenti dezinformasiyaya qarşı mübarizəni təkmilləşdirmək məqsədilə yeni qanunların qəbul olunması prosesini davam etdirir. Yeni qanunlar xüsusi olaraq sosial şəbəkə platformalarını əhatə edir. 2020-ci ilin may ayında qəbul edilmiş “Nifrət nitqi haqqında qanun” sosial media şirkətləri qarşısında tələb qoyur ki, saxta, qanundankənar informasiyaları, o cümlədən, nifrət nitqlərini 24 saat ərzində silib dövriyyədən çıxarsınlar. Bu prinsipi pozan siosial şəbəkə platformaları 1,25 milyon avroya (1,36 milyon dollar) qədər cərimələnə bilərlər ( https://edition.cnn.com/2020/05/13/tech/french-hate-speech-social-media-law/index.html )
Analitik mərkəzlər iddia edirdilər ki, informasiyanın manipulyasiyasına qarşı mübarizə qanunu Fransada demokratiya üçün təhlükə yaradır, mətbuata qarşı senzuraya yol açır. “Evroneus” yazır ki, Fransa parlamenti hakimlərə seçki kampaniyaları zamanı “saxta xəbərləri” dərhal silmək üçün səlahiyyət verməklə ifadə azadlığını pozur, tənqidi səsləri susdurmağa şərait yaradır. Çünki ani məqamda “saxta xəbərlə” “tənqidi fikri” fərqləndirmək, hansı xəbərin dezinformasiya, hansının tənqid olduğunu müəyyənləşdirmək çətindir: “Bu yanaşma imkan verir ki, dezinformasiya adı altında həm də tənqidi fikirlər dövriyyədən çıxarılsın” ( https://www.euronews.com/2018/11/22/france-passes-controversial-fake-news-law ).
Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb.
Məqalələr maarifləndirici xarakterlidir. Azərbaycanda dezinformasiyaya qarşı mübarizə üzrə innovativ dayanıqlığın yaradılması prosesinə töhvə vermək məqsədilə hazırlanıb. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir.
Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Dezinformasiyaya qarşı mübarizə vasitələri” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Proqram çərçivəsində ümumilikdə 10 məqalənin hazırlanıb dərc edilməsi nəzərdə tutulub.
AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ
Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.