Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.
Telexeber.az xəbər verir ki, "Məni anamdan ayıraraq vertolyota atıblar” adlı veriliş Pəmbək mahalının Böyük Qarakilsə rayonunun Hallavar kənd sakini, tanınmış jurnalist Famil İbrahimovun (Fərhadoğlu) həyat hekayəsinə həsr olunub.
1988-ci il iyulun 15-də dünyaya gələn F.İbrahimov tarixin ən ağrılı səhifələrindən birinin canlı şahididir. Cəmi 4 aylığında deportasiyaya məruz qalan bu körpə Qərbi Azərbaycandan didərgin salınan son nəslin nümayəndəsidir.
Faciəvi hadisələr zamanı anasından ayrı düşən və xalalarının himayəsinə keçən F.İbrahimov o dövrdə baş verənləri belə xatırlayır:
"1988-ci ilin noyabrında erməni təcavüzü nəticəsində Hallavar kəndinin sakinləri təxliyə edilməyə başlayıb. Məni anamdan ayıraraq vertolyota atıblar. Xoşbəxtlikdən xalalarım məni tapıblar. Onlar da vertolyotda olublar. Gülnarə xalamın özünün də 2 azyaşlı övladı var idi. Vertolyotda olan iki xalam məni himayələrinə götürüblər. Biz Qazağa gəldik, bir müddət sonra valideynlərim bizi tapıb”.
O, babası və nənəsindən eşitdiklərini belə nəql edir:
"Hallavar kəndi, Hallavar və Pəmbək çaylarının qovuşduğu yerdə yerləşirdi. Kəndin ətrafında Qoşabulaq, Kəndirbaz, Arxaşan, Nədiralı kimi məşhur yaylaqlar var idi. Bizim orada gözəl ərazilərimiz var idi, dağlıqla əhatə olunmuşdu. Çaylarımız var idi, buz bulaqlarımız var idi. İnsanlar orada təsərrüfatla məşğul olurdular, əkinçiliklə, maldarlıqla və beləcə öz həyatlarına davam edirdilər”.
Onun sözlərinə görə, Hallavar kəndində mövcud olan toponimlər və nəsil adları bu torpaqların qədim türk yurdu olduğunu sübut edir:
"Kənddə Talıblı, Boralı, Aşıqlı, Məşədililər kimi böyük nəsillər yaşayırdı. Burada qədim alban kilisələri, Miskin Abdal və Karadon ziyarətgahları kimi tarixi-dini abidələr var idi. Hallavar qədim türk torpağı, azərbaycanlıların müqəddəs yurdudur. Babamın, nənəmin pasportlarında yazılıb ki, onlar 1929 və 1934-cü illərdə Hallavarda doğulublar. Mən 7 nəslimi saya bilərəm. Bu, sübut edir ki, ora əcdadlarımızın yurdudur”.
Ata-baba yurduna qayıtmaq arzusu ilə yaşayan Hallavar sakini öz hisslərini belə ifadə edir:
"Övladlarımı Hallavarda böyütmək istəyirəm. Ən böyük istəyim odur ki, nənəmin, babamın ziyarətgah hesab etdiyi öz doğma ata-baba yurdumuzu gedim görüm, ulu babalarımın, nənələrimin qəbirlərini ziyarət edim, at çapılan düzləri gəzim. İnanıram o gün uzaqda deyil”.
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlıların yaşadığı çətinlikləri, qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.