Mayın 21-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN) Çin Xalq Respublikası tərəfindən Azərbaycana epidemiya əleyhinə yardım layihəsi çərçivəsində gətirilmiş antiepidemik vasitələrin ikinci və üçüncü dəstinin təhvil-təslim mərasimi keçirilib.
XİN-dən Telexeber.az-a verilən məlumata görə, tədbirdə Xarici işlər nazirinin müavini Ramiz Həsənov, AR Səhiyyə nazirinin müavini Viktor Qasımov və Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min çıxış ediblər.
AR Xarici işlər nazirinin müavini Ramiz Həsənov yeni koronovirusla mübarizədə Çin Hökuməti tərəfindən Azərbaycan Hökumətinə tibbi vasitələrin növbəti dəstinin təhvil verilməsinə dair XİN-də daha bir tədbirin keçirilməsinin iki ölkə arasında mövcud faydalı münasibətlərin göstəricisi olduğunu diqqətə çatdırdı.
Azərbaycan və Çin xalqlarının dostluq və əməkdaşlıq ənənələrinə sadiq qalaraq mövcud vəziyyətdə biri-birləri ilə həmrəylik nümayiş etdirdiyini qeyd edən R.Həsənov bu əməkdaşlığın həm hökumətlərarası, həm də özəl şirkətlər və regionlararası müstəvidə yer aldığını ifadə etdi.
Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min çıxışında ÇXR Hökümətinin Azərbaycana epidemiya əleyhinə yardım layihəsi çərçivəsində gətirilmiş antiepidemik vasitələrin ikinci və üçüncü dəstinin təhvil-təslim mərasimini təşkil etdiyinə görə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə səmimi təşəkkürünü ifadə etdi.
Daha sonra səfir, epidemiya ilə mübarizədə Çin və Azərbaycanın ikitərəfli və çoxtərəfli səviyyədə qarşılıqlı olaraq bir-birilərini yaxından dəstəklədiklərini, əməkdaşlıq etdiklərini və çətin vaxtlarda köməkləşərək, epidemiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın təşviqinə, dünya təhlükəsizliyinin qorunmasına və maraqların inkişafına mühüm töhfələr verdiklərini vurğuladı.
O, Çin üçün ən çətin dövrdə Azərbaycan hökuməti və müxtəlif ölkələrdən olan dost insanların Çinə müxtəlif yollarla güclü dəstək verdiyini vurğuladı. Xanım Qo Min Çin hökümətinin bu yaxşılığa cavab olaraq, bir-birinin ardınca Azərbaycana epidemiya əleyhinə yardım layihəsi çərçivəsində antiepidemik vasitələrin üçüncü dəstini - 5000 ədəd epidemiya aşkarlayıcı test, 10 qeyri-invaziv süni tənəffüs aparatı, 3500 dəst tibbi qoruyucu geyim, 600.000 birdəfəlik tibbi maska, 50.000 tibbi KN95 maskası və s. verdiyini bildirdi. Bundan əlavə, Çin müəssisələri və qeyri-hökumət təşkilatlarının, Azərbaycana epidemiya ilə mübarizədə əməli töhfələr verərək, epidemiyanın qarşısının alınması üçün çox sayda materialları Azərbaycana hədiyyə etmək üçün fəal tədbirlər gördüyünü ifadə etdi.
Sonda xanım Qo Min fürsətdən istifadə edərək, qarşıdan gələn 28 May - Respublika Günü münasibətilə xoş arzular diləyərək Azərbaycan Respublikasını və xalqını təbrik etdi və Çin ilə Azərbaycan dostluğunun əbədi olmasını dilədi.
Səhiyyə nazirinin müavini Viktor Qasımov çıxışında Çinin Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə etdi və dünyada qlobal sağlamlıq böhranına çevrilən COVİD-19 pandemiyasına qarşı beynəlxalq birliyin səylərinin birləşdirilməsinin əhəmiyyətini və məhz birgə səylər nəticəsində bu pandemiyaya qalib gəlməyin mümkün olduğunu qeyd etdi. Ölkələrimiz arasında dostluq münasibətlərini mövcud olduğunu vurğulayan nazir müavini, belə çətin zamanlarda dost yardımının önəmini bildirdi.
Azərbaycanda koronavirusla mübarizə çərçivəsində ölkə rəhbərliyinin bilavasitə nəzarəti altında həyata keçirilən ciddi tədbirlərdən bəhs edən V.Qasımov ölkədə COVİD-19 infeksiyasına qarşı uğurlu mübarizə istiqamətində görülən işlərə toxundu və bu xüsusda, yeni klinikaların inşası, bir çox tibbi cihaz və avadanlıqların əldə edilməsi, dezinfeksiya vasitələri istehsal edən zavodun açılması və s. barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırdı. Hazırda yeni koronovirusla mübarizədə peyvəndin icad olunmadığı bir vaxtda, bu təhlükə ilə mübarizəyə hər zaman hazır olmağın vacibliyini nazir müavini vurğuladı.
Tədbirin sonunda Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini Viktor Qasımov və Çin Xalq Respublikasının səfiri Qo Min “Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına COVİD-19 pandemiyası ilə mübarizə üçün tibbi vasitələrin ikinci və üçüncü dəstinin təqdim edilməsinə dair Təhvil -Təslim Aktları” imzalandı.