Göyçay avtovağzalında qalmaqal iddiası: sürücü 52 min manatdan çox pul verdiyini deyir (Video)


Telexeber.az Aran Media-ya istinadən xəbər verilir ki, Göyçay rayon sakini Fariz Vidadi oğlu İbrahimov Göyçay rayon Avtovağzal Kompleksinin rəhbəri Sənan Şıxəliyevdən şikayətçidir.
Şikayətçinin sözlərinə görə, 2023-cü ildə o, **Bakı–Göyçay marşrutu üzrə işləmək üçün avtovağzal rəhbərliyi ilə razılıq əldə edib. Fariz İbrahimov iddia edir ki, həmin vaxt Sənan Şıxəliyev ona bu marşrut üzrə fəaliyyət göstərmək üçün qrafik veriləcəyini vəd edib və bunun müqabilində ondan 20 min manat pul alıb.
Şikayətçi bildirir ki, 2023-cü ilin noyabr ayından etibarən müxtəlif vaxtlarda və hər ayın 26-sı ondan əlavə olaraq 1265 manat məbləğində pul tələb olunub. Onun sözlərinə görə, bu vəsait marşrut qrafikinin saxlanılması və fəaliyyətini davam etdirməsi üçün alınıb.
Fariz İbrahimov iddia edir ki, 10 mart 2026-cı il tarixinədək Sənan Şıxəliyevə ümumilikdə 52 min 700 manat pul verib. Buna baxmayaraq, hazırda onun marşrut reysi əlindən alınıb və başqa sürücülərə verilib. Şikayətçi bildirir ki, qrafiki də ondan alaraq avtovağzala buraxmırlar.
Vətəndaş dəfələrlə məsələ ilə bağlı xəbərdarlıq etdiyini, lakin nəticə əldə olunmadığını deyir və aidiyyəti dövlət qurumlarından məsələnin araşdırılmasını və köməklik göstərilməsini xahiş edir.

Məsələ ilə bağlı **Telexeber.az redaksiyası olaraq ittiham olunan tərəfə də mövqe bildirmək imkanı yaradılıb. Göyçay rayon avtovağzal kompleksinin rəhbəri Sənan Şıxəliyev jurnalist sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı araşdırma məhkəmədə aparılacaq.

O, mövzuya geniş münasibət bildirməkdən imtina edib və əlavə açıqlama verməyib.

Telexeber.az olaraq mövzunu diqqətdə saxlayacaq və qarşı tərəfin daha geniş mövqeyini dərc etməyə hazırıq.
Популярный ролик