Şəmkirdə kommunal sahədə yeni nəfəs – əməli fəaliyyətin nəticəsi göz önündədir


Şəmkir rayon Kommunal Müəssisələr Kombinatının rəisi Alışan Yusifovun fəaliyyəti artıq konkret nəticələrlə özünü göstərməkdədir. Rayon icra başçısı Rəşad Tağıyev tərəfindən kommunal təsərrüfatın inkişafı istiqamətində göstərdiyi səmərəli fəaliyyətə görə Alışan Yusifovun fəxri fərmanla təltif olunması da bu əməyin rəsmi təsdiqidir.

Peşəkar idarəçilik təcrübəsini paytaxtda, xüsusilə İçərişəhər kimi məsuliyyətli və həssas bir ərazidə qazanan Alışan Yusifov, sonradan təyinatla Şəmkirə göndərilib. O, Telexeber.az-a açıqlamasında bildirib ki, fəaliyyətinin ilk günündən qarşısında duran əsas məqsəd köhnəlmiş, demək olar ki, işlək olmayan sistemi yenidən qurmaq olub:

“İlk növbədə xidmətin keyfiyyətini göstərməyi əsas götürdük. Daha sonra abonentlərlə müqavilələr bağlandı. İnsanlar gördü ki, xidmət var, məsuliyyət var – bundan sonra proses daha da sürətləndi.”


Bu yanaşma nəticəsiz qalmayıb. Rayon daxilində və ətraf qəsəbə-kəndlərdə kommunal xidmətlərin səviyyəsi nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Küçələr iri tutumlu zibil qabları ilə təmin olunub, müasir texnika və yeni avtomobillər xəttə buraxılıb. Ən önəmlisi isə xidmət sahəsində çalışan işçilərin sayı artırılaraq işin çevikliyi təmin edilib.

Alışan Yusifovun idarəçilik fəlsəfəsi sadə, amma təsirlidir: kabinetdən deyil, ərazidən idarə etmək. Gün ərzində sahələrdə olması, görülən işlərə şəxsən nəzarət etməsi sakinlər tərəfindən də müsbət qarşılanır. Çünki artıq insanlar ödədikləri xidmət haqqının qarşılığını real şəkildə görürlər.

Səmimiyyəti və savadı ilə seçilən Alışan müəllimin rəhbərliyi altında Şəmkirdə kommunal sahə yeni inkişaf mərhələsinə qədəm qoyub. Onun müəyyən etdiyi yol isə aydın görünür – bu yol məsuliyyət, zəhmət və nəticə üzərindən keçir.

Bu gün Şəmkirdə görülən işlər bir daha sübut edir ki, düzgün idarəçilik olduqda ən çətin sahələr belə inkişaf edə bilər.
Популярный ролик