Abşeron rayonunun Mehdiabad qəsəbəsi ilə bağlı redaksiyamıza daxil olan real faktlar və videogörüntülər ciddi narazılıqlardan xəbər verir. Məlumata görə, sakinlər uzun müddətdir qəsəbədə yaranan antisanitar vəziyyətdən və baxımsızlıqdan şikayətçidirlər. Faktı əks etdirən video görüntülər Telexeber.az-ın “YouTube” səhifəsində də yayımlanıb.
Sakinlərin sözlərinə görə, qəsəbə ərazisində yerləşən zibil konteynerləri daşaraq ətrafa yayılır, nəticədə küçələrdə xoşagəlməz mənzərə yaranır. İddia olunur ki, bəzi ərazilərdə zibil qalaqları günlərlə daşınmadan qalır və bu vəziyyət həm ekologiyaya, həm də insanların gündəlik həyatına mənfi təsir göstərir.
Narazılıq doğuran digər məsələ isə şəhidlərin adına salınmış parkın baxımsız vəziyyətə düşməsidir. Sakinlər bildirirlər ki, parkda ağaclar susuzluq və baxımsızlıq səbəbindən qurumağa başlayıb, ərazidə yerləşən mini zibil qabları isə dolu halda qalıb. Onların fikrincə, parkın mövcud vəziyyəti şəhidlərin adına yaraşmır və təbiət faktiki olaraq məhv edilir.
Şikayətçilər onu da iddia edirlər ki, bələdiyyə rəhbərliyi əsas diqqəti digər şəxsi işlərə və tikinti məsələlərinə yönəldib. Sakinlərin sözlərinə görə, “bələdiyyə işləmək əvəzinə başqa məsələlərlə məşğuldur”.
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini öyrəndik. Əbülfət müəllim Telexeber.az-a açıqlamasında bildirib ki, zibil daşınması ilə bağlı yaranmış problem texniki nasazlıqlardan qaynaqlanır:
“Zibil daşıyan maşınlar xarab olub, hazırda təmirdədir. Əlimizdə olan işlək maşınlarla isə bütün ərazilərə çatdırmaq mümkün olmur.”
Park məsələsinə toxunan sədr qeyd edib ki, ərazidə müəyyən işlər görülüb:
“Parkda öz vəsaitim hesabına müəyyən yeniliklər etmişəm. Amma bələdiyyənin fondunda vəsait yoxdur.”
Sədr həmçinin sosial şəbəkələrdə və sakinlər arasında səslənən “bina tikintisi” iddialarına da münasibət bildirib:
“Mənim də, övladlarımın da ayrıca bir mərtəbəli evləri var. Bundan başqa nə mənim, nə də övladlarımın hansısa binası və ya mülkü yoxdur. Kimsə bunun əksini sübut etsə, həmin mülkü ona verərəm.”
Bütün bunları nəzərə aldıqda isə ortaya bir sual çıxır: Mehdiabad sakinləri daha nə qədər bu vəziyyətdə yaşamalıdır?
Gözləyək görək zibil maşınları nə vaxt təmirdən çıxacaq və küçələr tullantılardan təmizlənəcək...
Gözləyək görək nə vaxt bələdiyyənin büdcəsində vəsait olacaq ki, şəhidlərin adına salınmış park yenidən yaşıllığa və baxıma qovuşacaq...