
"WUF13 Bakıda rekord sayda iştirakçını bir araya gətirib. O qeyd edib ki, forumda 176 ölkədən 57 min nəfər iştirak edib, onlardan 3 mindən çoxu isə tədbirə onlayn qoşulub".
Telexeber.az-ın məlumatına görə, bu barədə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimində BMT-nin İnsan Məskənləri Proqramının (BMT-Habitat) icraçı direktoru Anaklaudia Rossbax çıxışı zamanı bildirib.
Anaklaudia Rossbax qeyd edib ki, dünya mənzil təminatı sahəsində həlledici mərhələyə qədəm qoyub və artıq fəaliyyətsizliyə yer yoxdur.
“Dünya kənar və formal vədlərdən sistemli transformasiyaya keçməlidir.Mənzil bazarları insanların ehtiyaclarını qarşılamaqda uğursuz olur və milyardlarla insan qeyri-adekvat, təhlükəli və əlçatmaz yaşayış şəraitində yaşamağa məcbur qalır. Forum çərçivəsində dövlət və hökumət başçıları, nazirlər, merlər, yerli və regional hökumətlər, vətəndaş cəmiyyəti institutları, özəl sektor nümayəndələri və icmalar bir vacib həqiqət ətrafında birləşib: mənzil yalnız kommersiya obyekti deyil, həm də fundamental insan hüququdur".
BMT-Habitat rəhbəri vurğulayıb ki, dünyada mənzil sistemləri sosial bərabərsizlik, spekulyasiya, zəif idarəetmə, sürətli urbanizasiya, məcburi köçkünlük və iqlim böhranının təsirləri səbəbindən ciddi təzyiq altındadır. Mənzil ləyaqətin, inklüzivliyin, imkanların və iqlim dayanıqlılığının əsasını təşkil edir, eyni zamanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün mühüm vasitələrdən biridir.
Anaklaudia Rossbax çıxışında gələcək fəaliyyət istiqamətlərini də açıqlayıb. O bildirib ki, mənzil yenidən ictimai məsuliyyət kimi qəbul edilməli, şəhər və icmalar gücləndirilməli, məcburi köçürmələr dayandırılmalı, mənzil maliyyələşdirilməsi transformasiya olunmalı və qərarvermə prosesləri etibarlı məlumat bazasına əsaslanmalıdır:
"Bakıda verilən mesaj aydındır – qarşıdakı onillik sürətləndirilmiş icra, genişmiqyaslı fəaliyyət və insanların həyatında ölçülə bilən real nəticələrlə xarakterizə olunmalıdır. Azərbaycan dayanıqlılıq, baxış və fövqəladə öhdəlik nümayiş etdirdi. Siz dünyaya təkcə qurmaq deyil, həm də yenidən qurmaq, bərpa etmək və ilham vermək bacarığını göstərdiniz”.