Binəqədidə Qurban Bayramı münasibətilə xeyriyyə aksiyası keçirildi
- 27.05.2026, 14:02,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Qurban Bayramı münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində genişmiqyaslı xeyriyyə aksiyası həyata keçirilib. Rayon rəhbərliyinin təşəbbüsü ilə qurbanlar kəsilərək şəhid ailələrinə, qazilərə, veteranlara və ehtiyacı olan ailələrə qurban payları çatdırılıb.
Tədbirdə Elxan Allahverdiyev başda olmaqla, Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Elmin Zamanov, Binəqədi qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndə Qadir Məmmədov, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Bəylər Həsənov və digər idarə rəhbərləri iştirak ediblər.
Bayram günündə təşkil olunan aksiyada xüsusi diqqət şəhid ailələrinə, qazilərə və veteranlara göstərilib. Rəhbər şəxslər ailələri ziyarət edərək onların qayğıları ilə maraqlanıb, Qurban Bayramı münasibətilə təbriklərini çatdırıblar. Eyni zamanda ehtiyacı olan ailələrə qurban ətləri və bayram sovqatları təqdim olunub.
Sakinlər göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, belə təşəbbüslərin cəmiyyət arasında həmrəylik və birlik duyğularını daha da gücləndirdiyini bildiriblər.
Qeyd edək ki, Binəqədi rayonunda həyata keçirilən sosialyönümlü tədbirlər, xüsusilə şəhid ailələri və qazilərə göstərilən diqqət rayon rəhbərliyinin daim prioritet istiqamətlərindən biri kimi davam etdirilir.