Tovuzda meşə ərazilərində yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib


2026-cı il mayın 26-da Tovuz rayonunun Dondar Quşçu kəndi ərazisində yerləşən Qovlar Meşə Bəyliyinin 8 saylı meşə dolayında yanğın təhlükəsizliyinin etibarlı təmin olunması məqsədilə geniş tərkibli maarifləndirici tədbir keçirilib.

Tədbirdə Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin və 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları iştirak ediblər.

Meşə massivlərində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması, ekoloji tarazlığın qorunması və yay mövsümündə risklərin minimuma endirilməsi məqsədilə iştirakçılar arasında maarifləndirici söhbətlər aparılıb. Çıxış edən məsul şəxslər meşə ərazilərində odla ehtiyatlı davranmağın vacibliyini xüsusi vurğulayıb, yanğın zamanı operativ müdaxilənin əhəmiyyətindən danışıblar.

Eyni zamanda, yanğın təhlükəsizliyi sahəsində 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin və 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ümumilikdə 52 nəfərdən ibarət işçi heyəti yanğına qarşı mübarizə və təhlükəsizlik qaydaları istiqamətində təlimatlandırılıb.

Qeyd olunub ki, bu cür tədbirlərin keçirilməsi meşə fondunun qorunması, təbiətin mühafizəsi və fövqəladə halların qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

Telexeber.az
Популярный ролик