Binəqədidə nümunəvi “Son Zəng” tədbiri – 335 nömrəli məktəbdə sevinc, qürur və uğurlar bir arada yaşandı


Binəqədi rayonu, 335 nömrəli tam orta məktəbdə keçirilən “Son Zəng” tədbiri məzunlar, müəllimlər, valideynlər və qonaqlar üçün unudulmaz anlarla yadda qaldı. Yüksək təşkilatçılığı, zəngin proqramı və vətənpərvərlik ruhu ilə seçilən tədbir iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılandı.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və üçrəngli bayrağımızın ucaldılması ilə başladı. Dövlətçilik ənənələrinə sadiq qalınaraq təşkil edilən mərasimdə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi, onların Vətən uğrunda göstərdikləri qəhrəmanlıqlardan bəhs olundu. Bu anlar tədbir iştirakçılarında xüsusi qürur və kövrək duyğular yaratdı.

Məktəblilərin hazırladığı musiqili-bədii proqram tədbirə xüsusi rəng qatdı. Milli musiqi sədaları altında təqdim olunan rəqslər, şeirlər və mahnılar iştirakçılar tərəfindən alqışlarla qarşılandı. Şagirdlərin nümayiş etdirdiyi səhnəciklər və çıxışlar onların istedadını, müəllimlərin isə zəhmətini bir daha ortaya qoydu.

Tədbirdə Binəqədi qəsəbə bələdiyyəsinin sədri Bəylər Həsənov da iştirak etdi. O, məzunları həyatlarının ən yaddaqalan günlərindən biri münasibətilə təbrik edərək onlara gələcək təhsil və fəaliyyətlərində uğurlar arzuladı. Bəylər Həsənov çıxışında gənclərin ölkənin gələcəyi olduğunu vurğulayaraq onların vətənə layiqli vətəndaş kimi yetişməsinin vacibliyindən danışdı.

Məktəbin direktoru Aynurə Nəzərli isə çıxışında son illər ərzində məktəbin əldə etdiyi nailiyyətlərdən bəhs etdi. Direktor qeyd etdi ki, məktəbin uğurları müəllim kollektivinin fədakar əməyi, şagirdlərin zəhməti və valideynlərin dəstəyi nəticəsində mümkün olub. O, məzunlara gələcək həyat yollarında uğurlar arzulayaraq onların hər zaman məktəbin adını uca tutacaqlarına inandığını bildirdi.

Aynurə Nəzərli çıxışında müəllimlərin üzərinə düşən məsuliyyətdən, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsinin əhəmiyyətindən də danışdı. O vurğuladı ki, məktəbin əsas məqsədi yalnız bilikli şagird yetişdirmək deyil, həm də cəmiyyətə faydalı, dövlətinə bağlı və milli-mənəvi dəyərlərə sadiq vətəndaşlar formalaşdırmaqdır.

Məzunlar da öz növbəsində müəllimlərinə və valideynlərinə minnətdarlıqlarını ifadə etdilər. Onlar məktəb illərinin həyatlarının ən gözəl dövrü olduğunu bildirərək müəllimlərin onlara verdiyi bilik və qayğını heç zaman unutmayacaqlarını söylədilər.

Tədbirin ərsəyə gəlməsi üçün böyük zəhmət çəkən müəllim kollektivinin fəaliyyəti xüsusi diqqət çəkdi. Günlərlə aparılan hazırlıq işləri nəticəsində ortaya çıxan musiqili proqram valideynlər tərəfindən ayaqüstə alqışlandı və yüksək qiymətləndirildi. Tədbir boyunca hiss olunurdu ki, burada hər detal müəllimlərin əməyi və sevgisi ilə hazırlanıb.

Mərasimin sonunda ənənəvi “Son Zəng” səsləndirildi. Bu zəng bir tərəfdən məktəb illəri ilə vidalaşmanın, digər tərəfdən isə yeni həyat mərhələsinə qədəm qoymağın rəmzinə çevrildi. Daha sonra məzunlar, müəllimlər və valideynlər xatirə fotoları çəkdirərək bu əlamətdar günü yaddaşlara həkk etdilər.

Qeyd etmək lazımdır ki, 335 nömrəli tam orta məktəb son illərdə təhsil sahəsində əldə etdiyi uğurlar, məktəbdaxili nizam-intizamı və tədris göstəriciləri ilə diqqət çəkən təhsil müəssisələrindən biridir. Bu uğurlarda məktəbin direktoru Aynurə Nəzərlinin idarəçilik bacarığı, müəllim kollektivinin zəhməti və valideyn-məktəb əməkdaşlığı mühüm rol oynayır.

Telexeber.az kollektivi olaraq bu gözəl tədbirin təşkilində əməyi keçən bütün müəllimlərə, məktəb rəhbərliyinə və valideynlərə təşəkkür edir, 335 nömrəli tam orta məktəbin direktoru Aynurə Nəzərlini və bütün pedaqoji kollektivi təbrik edirik. İnanırıq ki, Aynurə Nəzərlinin rəhbərliyi altında məktəb qarşıdakı tədris ilində daha böyük uğurlara imza atacaq, yeni nailiyyətlərlə Binəqədi rayonunun və ölkə təhsilinin inkişafına öz töhfəsini verməyə davam edəcək.
Популярный ролик