
Paytaxtın ən böyük rayonlarından biri olan Binəqədi rayonunda keçirilən “Son Zəng” tədbirləri yüksək əhval-ruhiyyə, sevinc və coşqu ilə yadda qaldı. Məzunların həyatında yeni mərhələnin başlanğıcı hesab olunan bu əlamətdar gündə təhlükəsizliyin və ictimai asayişin qorunması istiqamətində görülən tədbirlər xüsusi diqqət çəkdi.
Xüsusilə Binəqədi Rayon Polis İdarəsi və onun tabeliyində fəaliyyət göstərən 43-cü Polis Bölməsi əməkdaşlarının ayıq-sayıqlığı, peşəkarlığı və məsuliyyətli xidməti sayəsində rayon ərazisində keçirilən tədbirlər zamanı hər hansı xoşagəlməz hadisə, insident və ya ictimai asayişin pozulması halı qeydə alınmadı.
Polis əməkdaşları gün ərzində təhsil müəssisələrinin ətrafında, insanların sıx toplaşdığı məkanlarda və əsas hərəkət istiqamətlərində gücləndirilmiş iş rejimində xidmət apararaq vətəndaşların təhlükəsizliyinin təmin olunmasına öz töhfələrini verdilər. Məzunların, valideynlərin və müəllimlərin rahat şəkildə tədbirlərdə iştirak etməsi üçün görülən tədbirlər sakinlər tərəfindən də yüksək qiymətləndirildi.
Azərbaycan polisi uzun illərdir ki, dövlətçiliyin, qanunun aliliyinin və ictimai sabitliyin qorunmasında mühüm rol oynayır. Bu gün ölkənin hər bir bölgəsində polis əməkdaşları gecə-gündüz fərqi qoymadan xidmət göstərir, vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün öz vəzifələrini vicdanla yerinə yetirirlər. Məhz bu fədakar xidmət nəticəsində ölkəmiz regionun ən sabit və təhlükəsiz dövlətlərindən biri kimi tanınır.
“Son Zəng” kimi kütləvi tədbirlər zamanı polis əməkdaşlarının üzərinə düşən məsuliyyət daha da artır. Çünki minlərlə insanın iştirak etdiyi tədbirlərdə təhlükəsizliyin təmin olunması, yol hərəkətinin tənzimlənməsi, ictimai asayişin qorunması və mümkün risklərin qarşısının alınması böyük peşəkarlıq tələb edir. Binəqədi rayonunda xidmət aparan polis əməkdaşları bu vəzifənin öhdəsindən uğurla gələrək nümunəvi fəaliyyət sərgilədilər.
Vətəndaşlar da öz növbəsində polis əməkdaşlarının operativ fəaliyyətini, tədbirlər zamanı göstərdikləri diqqət və qayğını müsbət qiymətləndirərək onlara minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bildirirlər ki, polis-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi, qarşılıqlı etimadın artırılması və təhlükəsiz cəmiyyətin formalaşdırılması baxımından bu cür xidmətlər xüsusi əhəmiyyət daşıyır.
Bu gün Azərbaycan polisi yalnız qanun keşikçisi deyil, həm də dövlətin, xalqın və milli maraqların etibarlı müdafiəçisi kimi fəaliyyət göstərir. Çətin və məsuliyyətli xidmət yolu seçən polis əməkdaşları yağışa, qara, istiyə və soyuğa baxmadan 24 saat vətəndaşların təhlükəsizliyi naminə xidmət göstərirlər.
Binəqədi Rayon Polis İdarəsinin və 43-cü Polis Bölməsinin əməkdaşlarının “Son Zəng” günü nümayiş etdirdiyi peşəkarlıq bir daha sübut etdi ki, ictimai asayişin qorunması və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər yüksək səviyyədə təşkil olunur.
Təhlükəsiz, sabit və rahat cəmiyyətin formalaşmasında əvəzsiz xidmətləri olan bütün polis əməkdaşlarına təşəkkür edir, onların məsuliyyətli fəaliyyətində uğurlar arzulayırıq. Azərbaycanın keşiyində dayanan polis hər zaman dövlətin, xalqın və qanunun xidmətindədir.
Telexeber.az