İndoneziya səfirinin diplomatik fəaliyyəti başa çatır

İndoneziya səfirinin diplomatik fəaliyyəti başa çatırXarici İşlər naziri Ceyhun Bayramov İndoneziya Respublikasının ölkəmizdəki səfiri Husnan Bey Fananieni diplomatik müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

Xarici İşlər Nazirliyindən Telexeber.az-a verilən məlumata görə, Ceyhun Bayramov ölkələr arasındakı həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə əməkdaşlığın intensiv şəkildə inkişaf etdiyini məmnunluqla qeyd edib. O, ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Təşkilatı çərçivəsində əməkdaşlığını vurğulayıb.

İndoneziyanın Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstək mövqeyinə görə nazir Ceyhun Bayramov İndoneziya səfirinə təşəkkürünü ifadə edib.

Nazir, həmçinin qarşı tərəfə Ermənistanın bölgədə sülh və təhlükəsizliyə təhdid törədən təcavüzkar siyasəti, o cümlədən bu ilin 12 iyul tarixində iki dövlətin beynəlxalq sərhədi boyu Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin öncədən planlaşdırdığı növbəti hərbi təxribatı barədə məlumat verib.

Bu təxribat ilə məqsədlərinə nail olmayan Ermənistanın beynəlxalq ictimaiyyətin qətiyyətli mövqeyi ilə üzləşdiyi vurğulanıb.

Səfir Husnan Bey Fananie Xarici İşlər naziri təyinatı ilə əlaqədar Ceyhun Bayramova səmimi təbriklərini çatdırıb. Daha sonra o, iki dövlət sərhədində yaşanan gərginlik nəticəsində həyatlarını itirən şəhidlərin ailələrinə və Azərbaycan hökumətinə baş sağlığını bildirib. O, İndoneziyanın Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə dəstəyinin birmənalı olduğunu qeyd edib.

Səfir fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində səylərin göstərildiyini qeyd edərək, bu xüsusda bir sıra sahələrdə əməkdaşlığın inkişafı potensialının mövcud olduğunu söyləyib. O, iki ölkə arasında səfər mübadiləsinin, bu münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyindən əminlik ifadə edib.

Nazir Ceyhun Bayramov səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Популярный ролик