Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir.

Telexeber.az xəbər verir ki, milli ordunun təməli 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə qoyulub. Məhz bu tarix müasir Azərbaycan Ordusunun yaranma günü hesab olunur.
1998-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı fərmana əsasən, 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilib və hər il dövlət səviyyəsində qeyd olunur.

Müstəqillik illərində ordu quruculuğu Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Heydər Əliyevin müəyyən etdiyi strategiya nəticəsində peşəkar və döyüş qabiliyyətli ordu formalaşdırılıb, hərbi təhsil sistemi yenidən qurulub, zabit hazırlığı gücləndirilib.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Ordusunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, müasir silah və hərbi texnikalar alınaraq silahlı qüvvələrin arsenalına daxil edilib. Eyni zamanda, yerli müdafiə sənayesinin inkişafı sayəsində ölkədə yüzlərlə növdə hərbi təyinatlı məhsul istehsal olunur.

Azərbaycan Ordusunun gücü 2020-ci ilin 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirildi. Rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal altındakı torpaqları azad edərək tarixi Zəfər qazandı. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam və Laçın rayonları işğaldan azad edildi, ölkənin ərazi bütövlüyü bərpa olundu.

Bu gün Azərbaycan Ordusu yalnız regionun deyil, dünyanın ən güclü orduları sırasında yer alır. Müasir döyüş təcrübəsi, peşəkar şəxsi heyəti, yüksək texnoloji imkanları və güclü hərbi potensialı ilə Silahlı Qüvvələr ölkənin təhlükəsizliyinin və müstəqilliyinin əsas təminatçılarından biridir.

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçularımızı, müharibə veteranlarını və Azərbaycan Ordusunun şərəfli tarixini yazan qəhrəmanlarımızı təbrik edir, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.
Популярный ролик