Binəqədidə aylarla yarımçıq qalan qazıntı: Sürücülər təhlükə ilə üz-üzə, sakinlər cavab gözləyir


Binəqədi rayonu ərazisində, "Binəqədi Mərkəz" kimi tanınan əraziyə yaxın yeni tikilmiş yaşayış binasının kanalizasiya sisteminin əsas xəttə qoşulması məqsədilə aparılan qazıntı işlərinin uzun müddətdir tamamlanmaması yerli sakinlərin və sürücülərin narazılığına səbəb olub.

İddialara görə, avtomobil yolunda qazılan xəndəyin yalnız bir hissəsi doldurulub, digər hissəsi isə aylardır açıq vəziyyətdə qalıb. Nəticədə həmin ərazidən keçən sürücülər qazılmış hissədən yayınmaq üçün qarşı hərəkət zolağına çıxmağa məcbur olur. Bu isə həm tıxacların yaranmasına, həm də yol-nəqliyyat hadisəsi riskinin artmasına səbəb olur.

Sakinlər bildirirlər ki, əgər qazıntı işlərinə başlanılıbsa, həmin işlər qısa müddətdə başa çatdırılmalı və yol əvvəlki vəziyyətinə qaytarılmalı idi. Onların sözlərinə görə, aylarla davam edən yarımçıq vəziyyət həm piyadalar, həm də sürücülər üçün ciddi narahatlıq yaradır.

Ərazidə yaşayanlar aidiyyəti qurumlardan görülən işlərin hansı səbəbdən uzandığına aydınlıq gətirilməsini və problemin operativ şəkildə aradan qaldırılmasını istəyirlər. Onlar hesab edirlər ki, yolun bu vəziyyətdə saxlanılması nəqliyyatın təhlükəsiz hərəkətinə mənfi təsir göstərir və vətəndaşların haqlı narazılığına səbəb olur.

İctimaiyyəti düşündürən əsas sual isə açıq qalır: Binəqədi rayonunda kanalizasiya xəttinin çəkilişi ilə bağlı başlanan iş niyə aylarla yekunlaşmır? Bu gecikmənin səbəbi nədir və yol nə vaxt tam bərpa ediləcək?

Məsələ ilə bağlı aidiyyəti qurumun rəsmi mövqeyi təqdim olunarsa, onu da dərc etməyə hazırıq.
Популярный ролик