
Binəqədi rayonunun Mədən-1 ərazisində yeni çəkilmiş, lakin hələ istifadəyə verilməmiş elektrik xəttində baş vermiş qəza ciddi suallar doğurub. Telexeber.az-ın əldə etdiyi foto və məlumatlara əsasən, hadisə təxminən bir həftə əvvəl baş verib və indiyədək xəttdə yaranmış nasazlıq tam aradan qaldırılmayıb.
İddialara görə, neft buruqlarına xidmət göstərən iri tonnajlı yük avtomobili və ya kran xüsusi ayrılmış giriş qapısından əraziyə daxil olarkən elektrik xəttinə toxunub. Nəticədə yüksək gərginlik xəttində qısaqapanma baş verib, naqillər yanaraq əriməyə məruz qalıb və xəttə ciddi maddi ziyan dəyib.
Fotolardan da görünür ki, elektrik kabelinin bir hissəsində yanıq və ərimə izləri açıq şəkildə müşahidə olunur. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Lakin bu hadisə ilə bağlı bir sıra vacib suallar meydana çıxır:
Elektrik xətti layihələndirilərkən həmin ərazidən mütəmadi istifadə edən iri həcmli yük maşınları və kranların hündürlüyü nəzərə alınıbmı?
Xəttin yer səthindən hündürlüyü normativ tələblərə uyğun hesablanıbmı?
Əgər bütün normalar gözlənilibsə, peşəkar sürücü niyə təhlükəsizlik məsafəsini nəzərə almayaraq qəzanın baş verməsinə səbəb olub?
Hadisəyə görə məsuliyyət layihəni hazırlayan qurumun, podratçının, yoxsa nəqliyyat vasitəsinin sürücüsünün üzərinə düşür?
İlkin baxışdan hadisədə həm layihələndirmə, həm də insan amili ehtimalı istisna edilmir. Əgər bu yol neft sənayesinə xidmət göstərən ağır texnikanın mütəmadi istifadə etdiyi marşrutdursa, elektrik xəttinin hündürlüyü həmin nəqliyyat vasitələrinin təhlükəsiz keçidini təmin edəcək şəkildə hesablanmalı idi. Digər tərəfdən, iri tonnajlı texnikanı idarə edən sürücülər də keçid hündürlüyünü əvvəlcədən qiymətləndirməli və təhlükəsizlik qaydalarına ciddi əməl etməlidirlər.
Telexeber.az məsələ ilə bağlı Azərişıq ASC-nin mətbuat xidmətinə fotoşəkilləri və hadisə barədə məlumatı təqdim edərək rəsmi münasibət istəyib. Lakin xəbər hazırlanarkən sorğuya hələ cavab verilməyib.
Redaksiya hesab edir ki, hadisə müvafiq qurumlar tərəfindən araşdırılmalı, elektrik xəttinin normativlərə uyğun çəkilib-çəkilmədiyi və qəzanın əsl səbəbləri ictimaiyyətə açıqlanmalıdır. Çünki istifadəyə belə verilməmiş yeni xəttdə baş verən bu cür hadisələr gələcəkdə daha ağır nəticələrə səbəb ola bilər.
Telexeber.az mövzunu diqqətdə saxlayacaq və Azərişıq ASC-nin rəsmi mövqeyi daxil olan kimi oxuculara təqdim edəcək.