Məktəblərdə vəziyyətə nəzarət etmək üçün hansı tədbirlər görülməlidir?
Telexeber.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, hazırda Azərbaycanda bütün məktəblərin bağlanması lüzumsuz addım olardı.
“İlk növbədə qeyd edim ki, təhsil müəssisəsində kütləvi yoluxma varsa, uşaqlar məktəbdən valideynlərini, yaşlı insanları yoluxdurursa, həmin məktəbdə distant, onlayn təhsilə keçməyin tərəfdarıyam.
Amma bunun tam şəkildə bütün təhsil müəssisələrində yox, yalnız yoluxma halları baş vermiş təhsil müəssisələrində həyata keçirilməsi lazımdır.
Yəni hansı məktəbdə yoluxma halları varsa, yalnız o məktəblərdə tədrisi onlayn qaydada həyata keçirmək lazımdır”, - deyə Kamran Əsədov bildirib.
Ekspert həmçinin qeyd edib ki, ümumilikdə ölkə üzrə distant təhsilə keçmək effektiv deyil:
“Çünki bütün şagirdlərin elektron resurları yoxdur və bütün fənlərin onlayn qaydada tədrisi mümkün deyil.
Bundan başqa onlayn dərslər şagirdlərdə fiziki, psixoloji problemlər yaradır.
Yenidən tədrisdə qapanmaya getmək ciddi fəsadlar yaradacaq. Belə ki, şagirdlərin bundan sonra məktəblərə cəlb edilməsində problem olacaq.
Bundan başqa onların qrafikləri ciddi şəkildə pozulacaq. Məktəb direktoru şagirdlərin təhlükəsizliyini, sağlamlığını ön planda saxlamalıdır. Çünki təhsil müəssisələrinin bağlanması şagirdlərə həm mənəvi, həm də psixoloji təsir edir.
Mənim proqnozuma görə, yoluxma artarsa, bundan sonra 30-dan çox məktəbin bağlanma ehtimalı var”.