Ermənilər çirkin məqsədlərlə Azərbaycan ərazilərinə köçürülməyə başladığı ilk gündən tarix bu xalqın təcavüzkar, işğalçı, xain xislətinə, pozucu, dağıdıcı, barbar xarakterinə şahidlik edib. Tarixin hər bir məqamında bu toplum yaxşı heç nə ilə yadda qalmayıb. Daim uydurduqları, mövcud olmayan, yalançı keçmişlərini xatırlayaraq guya sahib olduqları böyük ərazilərdən danışıb onu bərpa etmək xülyalıları ilə yaşayıblar. Bu məqsədlə havadarlarının köməyi sayəsində insanlıq əleyhinə yönəlmiş, həmişə lənətlənəcək dəhşətli cinayətlərə əl atıblar. Bu toplumun, demək olar ki, bütün maraqları, məqsədləri, ideyaları təcavüzkar xarakter daşıyır, humanizim, insanpərvərlik, dostluq, ümumiyyətlə, bunlara yaddır, bütün əməllərinin başında isə xəyanət və böhtan dayanır. Torpaqlarımıza ayaq basdıqları vaxtdan ərazilərimizin sahibi kimi özlərini göstərməyə başladılar, Azərbaycan toponimlərini dəyişməyə, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Qəsbkar əməllərini həyata keçirmək üçün isə həmişə keçid dövrlərini, siyasi kataklizmləri özləri üçün əlverişli hesab edərək müxtəlif cinayətlər törətmiş, minlərlə soydaşımızı qətlə yetirmişlər. 1905-1907-ci, 1918-1920-ci illər xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalıb. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir.
Telexeber.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, ermənilər bədləkər xarakterlərini sovet dövründə də davam etdirərək ərazi iddiaları ilə çıxış etmiş, azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması üçün əllərindən gələn bütün eybəcərlikləri və vəhşilikləri törətmişlər: “Təkcə 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min soydaşımız deportasiya olunmuş, böyük məhrumiyyətlərlə üz-üzə qalmışlar. Onların yeni ərazilərə və uyğun olmayan iqlimə, həmçinin yeni həyat şəraitinə adaptasiyası uzun zaman tələb etmişdir. Sovet hakimiyyətinin çöküşü mərhələsində - 1988-ci ildə himayədarlarının köməyi ilə yenidən aktivləşən ermənilər daha 250 min azərbaycanlını öz doğma yurdlarından çıxartdılar və beləliklə, bütün insani dəyərləri və hissləri aşaraq monoetnik dövlətə çevrildilər. Bir məqama xüsusi diqqət çəkmək istəyirəm. Sovet Azərbaycanına rəhbərliyi dövründə Ulu Öndər Heydər Əliyev ermənilərin respublikamıza olan bütün planlarının qarşısında sipər çəkmişdi. Qarabağı Azərbaycandan qoparmaq istəkləri həmin dövrdə alt-üst oldu və anladılar ki, nə vaxta kimi Heydər Əliyev var, bu, mümkün olmayacaq. Odur ki, ulu öndər sovet rəhbərliyindən qərəzli şəkildə uzaqlaşdırıldıqdan sonra yenidən azğınlaşdılar və ərazi iddialarını ortaya atdılar”.
“Azərbaycanlılara qarşı ermənilərin ən dəhşətli cinayətləri ötən əsrin 90-cı illərinin əvvələrində bütün dünyanın gözü qarşısında baş verib. Səriştəsiz və bacarıqsız rəhbərlərin qeyri-peşəkar idarəçiliyi, hələ tam formalaşmamış dövlətdə mövcud olan boşluqlar, ordu quruculuğunun aparılmaması, iqtisadi və siyasi böhranın daha da dərinləşməsi ermənilərin təcavüzkar əməllərini həyata keçirmək üçün əlverişli məqam idi və bu fürsətdən xəyanətkarcasına yararlandılar. Torpaqlarımızın 20 faizini işğal etdilər, 1 milyondan artıq dinc azərbaycanlını yaşadığı ərazilərdən vəhşicəsinə çıxardılar, yaşayış məntəqələrimizi talan etdilər, tarixi mədəniyyət abidələrimizi viran qoydular, dünyada misli görünməmiş hərbi cinayətlər törətdilər. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasıdır. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı isə öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı cinayətdir”, - deyə Milli Məclisin deputatı bildirib.
“Təəssüf doğuran məqam isə humanizmdən, insan haqlarından, insanpərvərlikdən, demokratiyadan danışan dünya dövlətləri bu vəhşiliklərə susqun qaldılar, ikili mövqedən çıxış etdilər, işğalçını, qəsbkarı öz adı ilə çağırmadılar. Münaqişənin həlli məqsədilə yaradılmış Minsk qrupu 29 il ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı, illər ərzində aparılan danışıqlar nəticəsiz qaldı. Beynəlxalq hüquqa sadiqliyini həmişə nümayiş etdirən Azərbaycan münaqişənin sülh yolu ilə həllini istəyirdi, Ermənistan isə işğalçı siyasətini davam etdirərək təxribatlar törətmiş, təmas xətti boyunca dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir. Onların məqsədi Azərbaycanı işğalla barışmağa məcbur etmək idi. 2016-cı ildə baş vermiş xüsusi əhəmiyyət daşıyan Lələtəpə döyüşü, Ermənistanın apardığı, demək olar ki, bütün yalançı təbliğatı alt-üst etdi. Uydurduqları məğlubedilməz Ermənistan ordusuna sarsıdıcı zərbə endirildi, Azərbaycanın hansı yolla olur olsun öz ərazilərini işğaldan azad edəcəyini bir daha göstərdi. Tovuz döyüşləri də bunun davamıdır. Amma, təəssüflər olsun ki, düşmən bu məğlubiyyətlərdən dərs götürmədi, işğal siyasətini davam etdirərək 2020-ci il 27 sentyabr tarixində növbət təxribata əl atdı, bu dəfə isə “məğlubedilməz ordu” 44 gün ərzində tamamilə məhv edildi. Beləliklə, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi”, - S.Möhbalıyev qeyd edib.
AHİK sədri vurğulayıb ki, ta qədimlərə gedib çıxan Azərbaycan xalqının tarixində heç vaxt təcavüzkarlıq, işğalçılıq faktı olmayıb, amma işğala da heç vaxt boyun əyməmişik: “Dünyaya səs salan qəhrəman sərkərdələrimiz sayəsində düşmənlərimizə həmişə yerini göstərmişik. Babək, Cavanşir, Şah İsmayıl Xətai, Cavad xan belə qəhrəmanlarımızdandır. Əsrlər keçsə də, qədrbilən xalqımız onları heç vaxt unutmur. Cəmi 44 gün davam edən Vətən müharibəsi və onun yenilməz sərkərdəsi, cənab Prezident İlham Əliyev də bizim şanlı tariximizdir. 30 ilə yaxın müddət ərzində işğal altında olan, hər bir azərbaycanlının dərd qaynağına çevrilən, xatırladıqca alnımızı qırışdıran Qarabağımız müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin mahir diplomatik bacarığı, ali rəhbər keyfiyyətləri, güclü sərkərdəlik məharəti sayəsində böyük qəhrəmanlıqla azad edildi. Məhz Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyada özündən bəhs etdirdi. Qarşısıalınmaz Ordumuz taktiki baxımdan olsa belə, bir dəfə də geri addım atmadı, yalnız irəli hərəkət etdi. Yaralı əsgərlərimiz döyüş meydanını tərk etmirdi, belə vəziyyətdə belə döyüşməyə çalışırdı. Bunu məhv edilmiş Ermənistan ordusunun canını qaçmaqla qurtarmış fərariləri də etiraf edirdilər. Hər bir əsgərimiz bizim üçün qəhrəmandır. Onlar bizim qamətimiz dikəltdilər, müzəffər, qalib bir xalqa çevirdilər, tariximizdə yeni bir qəhrəmanlıq dastanının banisi oldular”.
S.Möhbalıyev əlavə edib ki, zəfər qazanmağımızda böyük pay sahibi həm də şəhidlərimizin, qazilərimizin, veteranlarımızın valideynləri, ailə üzvləridir: “Təbii ki, müharibə itkisiz ötüşmür, cəsur oğullarımızı itirdik. Amma buna baxmayaraq, şəhid anaları, ataları, onların həyat yoldaşları, övladları başını dik tutdu, əsl vətənpərvərlik ruhu nümayiş etdirdilər, Vətəni bütün dəyərlərdən ali hesab etdilər. Şanlı Bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını belə əsirgəməmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün ölkəmizdə Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzaladı. Bu, şəhid ruhlarına, şəhidlərin doğmalarına ən ali ehtiramın əlamətidir. Cəmiyyətimizdə onların yeri ən ali məqamdadır. Həm dövlətimiz, həm də cəmiyyətimiz onlara layiq olduqları qiyməti verir. İstər şəhid ailələri, istərsə də qazilər və veteranlar hərtərəfli dövlət qayğıları ilə əhatə olunublar. Hələ müharibənin gedişi zamanı cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ata-ana qayğısı ilə hospitala baş çəkərək yaralı əsgərlərimizlə görüşür, onlarla söhbətləşir, müalicə şəraiti ilə maraqlanırdılar. “Mən hər zaman qazilərin yanında olacağam” deyən Prezident İlham Əliyev əslində cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan münasibətini nümayiş etdirirdi. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər bir daha sübut edir ki, dövlətimiz hər zaman öz əsgərinin yanındadır. Keçirilən bütün tədbirlərdə onların qəhrəmanlıqlarından bəhs olunur, xalqımız mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur”.
“Həmişə bizim olmuş Qarabağımızda şanlı bayrağımız bu gün qürurla dalğalanır. Bu, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının ən böyük arzusu idi. Erməni vandalları tərəfindən talan edilmiş ərazilərimizdə hzırda abadlıq-quruculuq işləri aparılır. Qarabağın, Şərqi Zəngəzurun əsl sakinləri yaxın vaxtlarda öz ata-baba yurdlarına qayıdacaqlar, o torpaqlarda həyat yenidən güləcək. Artıq mədəniyyət paytaxtımız Şuşa şəhəri çox qonaqlı-qaralıdır, bir sıra əlamətdar tədbirlərə ev sahibliyi etməkdədir. Oradan ucalan musiqi səsi bütün dünyada eşidilir və bu, bizim hər birimizi böyük şövqlə qürurlandırır. İnanırıq ki, ölkəmiz cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra da bütün sahələrdə uğurlarını davam etdirəcək və dünya dövlətləri arasında öncül yerini qoruyub saxlayacaq”, - AHİK sədri fikrini tamamlayıb.