Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov oktyabrın 13-14-də Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlunun dəvəti ilə Ankara şəhərində rəsmi səfərdə olub.
Telexeber.az xəbər verir ki, səfər Şuşa Bəyannaməsinin müddəalarına uyğun olaraq hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin qarşılıqlı maraq doğuran aktual məsələlərin müzakirəsi məqsədilə həyata keçirilib.
Seyfullah Hacımüftüoğlu ilə keçirilən ikitərəfli görüşdə Ramil Usubov dost və qardaş ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, hüquqi və təhlükəsizlik sahələrində əlaqələrin ən yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edərək, bu münasibətlərin regionda sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət etdiyini bildirib.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq və dostluq münasibətlərinin hər iki dövlət arasında əməkdaşlığa böyük töhfə verdiyi xüsusi vurğulanıb.
General-polkovnik Ramil Usubov ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərin bu gün qardaş ölkələrin prezidentlərinin rəhbərliyi ilə müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə qalxdığını, Vətən müharibəsinin ilk anlarından qardaş Türkiyənin qətiyyətli siyasi və mənəvi dəstəyinin, münaqişənin ədalətli həlli ilə bağlı ortaya qoyduğu qəti və birmənalı mövqeyinin xalqımızın haqq işinin Zəfərlə başa çatmasında çox mühüm rol oynadığını qeyd edib.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının peşəkarlığının artırılmasında, birgə təlimlərin keçirilməsində, digər nailiyyətlərdə Türkiyə Silahlı Qüvvələrinin xidmətləri xüsusi qeyd olunub.
2021-ci iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanması ilə ölkələrimiz arasındakı əməkdaşlıq münasibətlərində yeni səhifənin açıldığı, sənədin müddəalarından irəli gələn öhdəliklərin həyata keçirilməsi sahəsində vəziyyət və perspektivlər barədə geniş müzakirələr aparılıb.
Səmimi və xoş sözlərə görə təşəkkürünü ifadə edən Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlu qardaş ölkələrimiz arasında əlaqələrin genişlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirib, bu səfərin də təhlükəsizlik sahəsində birgə fəaliyyətin təkmilləşməsinə öz töhfəsini verəcəyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov da iştirak edib.
Səfər zamanı Ramil Usubov Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, daxili işlər naziri Süleyman Soylu ilə görüşlər keçirib.
Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti səfər çərçivəsində Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət edib. Abidənin önünə əklil qoyulub.
Azərbaycan nümayəndə heyəti, həmçinin Ankaradakı Heydər Əliyev Parkında olub, Ümummilli Liderin burada ucaldılan abidəsi önünə əklil qoyub.