Professor İbrahim Cəfərov: “Dövlətimizin başçısının Gəncə şəhərinə növbəti səfəri zamanı Azərbaycan Dövlət Aqrar Universitetini yada salması kollektivimizə olduqca qürurverici təsir bağışladı”
Ölkəmizin tərəqqipərvər jurnalistləri ADAU-da görülən işləri və çox hörmətli rektor İbrahim Cəfərovun xidmətlərini, bu ali təhsil müəssisəsinin respublikamızın aqrar sektorunun inkişafına verdiyi töhfələri yüksək qiymətləndirirlər.
Yeni qəbul olunmuş “Media haqqında” Azərbaycan Respublikası Qanununu ciddi və peşəkar media təmsilçiləri çox təqdir edirlər. Amma eyni zamanda qanunu əsassız olaraq tənqid edənlərə də rast gəlirik. Belələri əsasən media, jurnalist adı ilə təxribatlar törətməyə, şər, böhtan, şantajla məşğul olmağa, dezinformasiya yaymağa, aldadıcı xəbərlərlə cəmiyyətdə hər hansı bir məsələ ilə bağlı səhv rəy yaratmağa meylli olanlardır. Aydın məsələdir ki, yeni qanun onların fəaliyyət meydanını daraldacaq, informasiya mühitini sağlamlaşdıracaq.
Zaman-zaman böhtan kampaniyalarına məruz qalan tərəqqipərvər ictimaiyyət nümayəndələrindən biri də hörmətli ziyalımız, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru professor İbrahim Cəfərovdur. Çox təəssüf hissi ilə qeyd edirik ki, bəzi kütləvi informasiya vasitələrində ADAU-nun fəaliyyətinə və onun rektorunun xidmətlərinə kölgə salmağa hesablanmış yazılar dərc olunur. Təsəvvür edin, 2020-ci ilin payızında Vətən müharibəsində əldə etdiyimiz Qələbəyə qədər az qala hər il qeyri-ciddi mətbuatda professor Cəfərovun ümumxalq hüzn günü olan yanvarın 20-də guya özünə təmtəraqlı ad günü keçirməsi barədə, sağlam düşüncəli vətəndaşların inanmadığı informasiya gedirdi. Amma son iki ildə belə məlumatlar gözə dəymədi. Sual olunur: Niyə? Cavab bəllidir: Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi və şəhidlərimizin qisası alındı. Təbii ki, bu dəyişilmiş fonda professor Cəfərovun barəsində eyni ştamlı böhtan məlumatı yaymaq artıq böhtançılara cazibədar görünmür. Halbuki, hörmətli professor 1990-cı ildən bu yana heç vaxt, hətta ailə çərçivəsində belə özünə ad günü keçirməyib. Onu sevindirən səbəblər yaşının üstünə yaş gəlməsi deyil, rəhbəri olduğu elm-təhsil müəssisəsinin, professor-müəllim heyətinin, tələbələrinin uğurlarının artmasıdır, məzunların xoş soraqlarını eşitməsidir.
Professor İbrahim Cəfərov və onu tanıyan hər kəs yaxşı bilirlər ki, ona qarşı qarayaxma kampaniyası aparan media qurumları pozucu qüvvələrlə əlbirdirlər, yaydıqları informasiyalar isə ən vacib komponentdən - həqiqətdən məhrumdur deyə ayaq tutub yeriyə bilməz. Ölkəmizin tərəqqipərvər jurnalistləri ADAU-da görülən işləri və çox hörmətli rektor İbrahim Cəfərovun xidmətlərini, bu ali təhsil müəssisəsinin respublikamızın aqrar sektorunun inkişafına verdiyi töhfələri yüksək qiymətləndirirlər.
XVII əsrdə yaşamış böyük ispan mütəfəkkiri Baltasar Qrassian müəllifi olduğu “Kamillik elmi” fəlsəfi traktatında yazırdı: “Arada xırda səhlənkarlıqlara yol ver ki, sənə qarşı yönələn paxıllıq zəhər tuluğuna dönüb partlamasın”. Elmi və mənəvi kamilliyin yüksək mərtəbəsində qərar tutan İbrahim müəllim bu kəlamda ehtiva olunan fəlsəfənin hardasa işə yaraya biləcəyinə əmin olsa da belə, bədxahlarının kinini azaltmaq naminə xırda səhlənkarlıqlara yol verməyə haqqı yoxdur. O, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Böyük vəzifə böyük imtiyaz deyil, böyük məsuliyyətdir” kəlamını rəhbər tutaraq öz vəzifəsini, missiyasını ləyaqətlə yerinə yetirməkdədir.
Yeri gəlmişkən, Prezident İlham Əliyev bu il yanvarın 30-da Gəncə şəhərinə səfəri ilə bağlı Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-a müsahibəsində demişdir: "Təhsillə bağlı. Şəhərdə 30-dan çox məktəb tikilib və təmir edilib. Bu problemin böyük hissəsi öz həllini tapıb. Dövlət Aqrar Universitetinin iki yataqxanası istifadəyə verilib. Mən hər ikisinin açılışında iştirak etmişəm və tədris korpusu yenidən qurulub. Nəzərə alsaq ki, hazırda ölkə iqtisadiyyatı üçün kənd təsərrüfatı xüsusi önəm daşıyır, bu təhsil mərkəzinin müasirləşdirilməsi, əlbəttə, çox böyük əhəmiyyətə malik idi". Universitetin rektoru professor İbrahim Cəfərov dövlətimizin başçısının Gəncə şəhərinə növbəti səfəri zamanı Azərbaycan Dövlət Aqrar Universitetini yada salmasının, orada olan yataqxanalar və yeni tədris korpusu barədə dediyi fikirlərin ali təhsil müəssisəsinin kollektivinə olduqca qürurverici təsir bağışladığını bildirmişdir.
Bu gun ADAU ölkədə ən əhəmiyyətli, ən nümunəvi tədris ocağına çevrilib. Universitetin hazırkı səviyyəyə yüksəlməsində dövlətin dəstəyi ilə yanaşı, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun fədakar əməyinin, onun təşkilatçılığının, işgüzarlığının rolu danılmazdır. Universitetin hər bir tələbəsi rektor İbrahim Cəfərovun onlara göstərdiyi münasibəti sevgi və hörmətlə qarşılayır. Məhz onun uğurlu fəaliyyətinin nəticəsidir ki, bu gün hər kəs universitetdə tam şəffaf şəkildə keçirilən imtahan prosesinin, yüksək hazırlıqlı tədrisin və potensiallı kadr hazırlığının şahidi olur. Universitetdə rektorun əmri ilə "İmtahan Qərargahı" yaradılıb və həmin qərargahın üzvləri var. Əgər hər hansı tələbə ona yazılan balların haqsız olduğunu, düzgün yoxlanmadığı qənaətindədirsə, ərizə ilə Qərargaha müraciət edib məsələnin aydınlaşdırılmasına nail ola bilir. Bütün tələbələrin şikayətlərinə rəhbərliyin tapşırığı ilə xüsusi yanaşılır.
İbrahim müəllimin ölçüyəgəlməz xidmətləri ilə ADAU çox dəyişib. Gözəl sinif otaqları, səliqəli auditoriyalar, möhtəşəm kitabxana, zəngin laboratoriya tələbələrə oxumaq üçün stimul verir. Bu gün digər ölkə vətəndaşları da bu təhsil ocağını sevərək seçirsə, tələbələrin sayı ilbəil artırsa, valideyn məmnunluğu yüksəlirsə, bakalavr təhsilini magistr təhsili davam etdirirsə, demək rektor İbrahim Cəfərov başda olmaqla ADAU kollektivi öz işini şəffaflıq və tələbkarlıq əsasında qurub.
2 fevral – Gənclər Günündə sosial şəbəkədə tələbələrini təbrik edən İbrahim Cəfərovun feyzbuk satatusuna yazılmış belə bir rəy diqqətimizi çəkdi: “Gənclərin ən yaxın Dostu və hər zaman dəstəyi, qəlbi gənc, ruhu gənc, ölkənin ən səmimi Rektoru, Gənclər Günü yalnız gənclərin deyil, onlara xoşbəxt gənclik illərini yaşamağa səbəb olanların da bayramıdır! Bu səbəbdən ən gözəl təbriklər Sizin ünvanınıza səslənir! Ən xoş arzularla Gənclər Gününüz və gənclər üçün yaşayıb-yaratdığınız hər gününüz mübarək olsun, cənab Rektor!”
Qeyd etməyə dəyər ki, gənclərin sevinci başlayan fevral ayı ADAU üçün zəngin, işgüzar səhifələrlə davam etməkdədir. Belə ki, bu ay ADAU-da magistrlər üçün təlimlər start götürüb; Birgə həyata keçirilən ikili diplom proqramında dərslər tədris edən Türkiyənin Ege Universitetinin bir qrup professor-müəllim heyəti ilə ADAU-nun Biologiya kafedrasında görüş keçirilib; Universitetin doktorantı Ceyhun Əliyevin və 1-ci kurs magistrantı Mahnur Ələkbərovanın həmmüəllifliyi ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” şirkətinin “Web of Science” elmi platformasında Q1 kateqoriyalı “BMC VETERINARY RESEARCH” jurnalında məqalələri dərc olunub; Gəncədə Aqrar Sığorta Fondu və TARSİM təşkilatının rəhbərliyi Aqrar Universitetdə görüş keçiriblər və s.
Çox hörmətli rektor İbrahim Cəfərovun rəhbərlik etdiyi, respublikada yeganə ali aqrar təhsil müəssisəsi olan ADAU-nun kollektivi aqrar sahədə innovativ texnologiyalar sahəsində fəallığının artırılmasının əsas istiqamətlərini müəyyənləşdirmək, praktik yönümlü tədrisə üstünlük vermək, elmi-tədqiqat işlərinin mövzularının fermer və sahibkarların tələblərinə uyğunlaşdırmaq və universitet-fermer əlaqələrini gücləndirmək üçün bütün imkanları səfərbər edib. İnanırıq ki, ADAU bundan sonra da ümumən ölkəmizdə, o cümlədən, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsinin elmi və kadr təminatı, təbii resurslardan səmərəli istifadənin sosial-iqtisadi və ekoloji əsaslarının müəyyənləşdirilməsi, kənd təsərrüfatının bərpası və inkişafı işinə əhəmiyyətli töhfələr verəcəkdir.