Son günlər sosial şəbəkələrdə Azərbaycanda zorakılığa məruz qalan, şiddət görən uşaqlarla bağlı məlumatlar yayılır. Bu gün Bakıda guya azyaşlıların işgəcələrə məruz qaldığı iddia olunan “Sevgi evi” ana və uşaq sığınacağı barədə araşdırmanı sizə təqdim edirəm. Sözügedən sığınacağın rəhbəri Könül Qasımovanın istəyi ilə həmin sığınacağa baş çəkdik.
Hadisə haqqında Könül Qasımova bunları dedi:
“ 10 may 2022 – ci il səhər saat 9 – un yarısında sığınacağımızın qapısı döyülür. Burada məskunlaşan analardan biri qapını açır. Qapını döyən bir kişi Qida Təhlükəsizliyi Agentliyindən gəldiyini söyləyir. Ana bildirir ki, rəhbərliklə əlaqə saxlayım sonra içəri daxil olun. Lakin o şəxs və yanında digər şəxslərlə birgə zorla içəri daxil olurlar. Məlum olduğu kimi həmin gün Ulu Öndərimiz Heydər Əliyevin də doğum günü idi. Və biz də düşünmüşdük ki, həmin gün kollektiv şəkildə Ulu Öndərimizi ziyarət edərik. Təxminən 15 nəfərə qədər şəxs sığınacağın həyətinə daxil olur. Mən həmin vaxt yuxarı otaqların birində idim. Və dərhal aşağı düşdüm. Gələnlərdən soruşdum ki, nə üçün gəliblər? Lakin onlar konkret cavab vermədilər. Xatırladım ki, bura yalnız uşaq evi deyil. Bura anaların iştirakı ilə könüllü ana və uşaq sığınacağıdır. Həmin şəxslərdən biri sual verdi ki, niyə burada uşaqlara nəzarət edən yoxdur. Lakin bu qərəzli sual idi. Çünki bizim analar burada idi. Daha sonra həmin şəxslər icazəsiz olaraq otaqda axtarışa başladılar və təxminən 20 – qədər sənədimizi götürüb baxmaq adı ilə tamamilə qarışdırdılar. Heç bir sənəd təqdim etmədən laqeyd şəkildə işlərinə davam etdilər. Yenə soruşdum ki, siz hansı qurumdansınız və kimsiniz lakin yenə də doğru - dürüst cavab ala bilmədim. Gah dedilər ki, şikayət əsasında gəlmişik gah da monitorinq aparırıq. Lakin bilirik ki, monitoriq qaydaları belə olmur. Şikayət də varsa o zaman hər hansısa qərar və ya sənəd təqdim edilməlidir. Daha sonra mənə gah səhiyyə ilə gah da təhsillə bağlı suallar verdilər. Uşaqları niyə poliklinikaya aparmamısınız? deyə sual etdilər. Lakin mən bildirdim ki, biz Səhiyyə nazirliyinə dəfələrlə müarciət etsək də hələki bizə heç bir poliklinika ayrılmayıb. Amma mən bildirdim ki, mən uşaqları baş pediatr Erkin Rəhimovun qəbuluna apardığımı bildirdim. Və uşaqların Baku Medikal Plazada ən müasir tibbi yoxlanışdan keçdiklərini dedim. Həmin şəxslər bizim sənədləri elə qarışdırmışdılar ki, sənədləri sonradan 3 gün ərzində çətinliklə qaydasına saldıq.
Mən hesab edirəm ki, bu adamların buraya gəlməsində qərəz var. Çünki bundan əvvəl bizim fəaliyyətimizi istəməyən bəzi adamlar tərəfindən sosial mediyada haqqımızda qərəzli videolar və məlumatlar yayılmışdı. Və həmin qərəzli məlumatlarda bir neçə dövlət qurumlarının sosial hesablarının adlarını etiket etmişdilər. Bizim haqlı iradımızdan sonra həmin şəxslər həmin məlumatları silməyə məcbur oldular.
Daha sonra sığınacağımıza gələn bu adamlar gah mətbəximizin şəraitinə gah da buradakı vəziyyətə yersiz iradlar bildirdilər. Amma gördüyünüz kimi bura tam təmirli və səliqəli bir məkandır. Beləliklə həmin şəxslər buradakı problemli ana və uşaqlara bir neçə saat ciddi narahatlıq yaratdılar. Lakin mən bildirdim. bu analar və uşaqlar buraya müxtəlif televiziyalar və birbaşa ərazi polisinin təklifi ilə yerləşdirilib. Onların burada gərgin aurası ana və uşaqlar pis təsir etdi və hətta uşaqlardan biri bayıldı.
Daha sonra bir nəfər prokurorluğun əməkdaşı sığınıcağımıza gəldi. Həmin şəxsin adını bilmirəm. O əvvəlcə mənimlə köbud və qərəzli danışırdı. Mən soruşdum ki, siz nə üçün gəlmisiniz? Mənə bildirdi ki, mən ana və uşaqları aparmağa gəlmişəm. Mən bildirdim ki, rəsmi sənədiniz olmaldır ki, bunu edəsiniz. Hətta bizim hüquqşünasımız Loğman bəy də bildirdi ki, sizin buna ixtiyarınız yoxdu. Siz bunu zorla icra edə bilməzsiniz. Daha sonra həmin şəxs və onunla gələnlər polis çağırdılar. Polisə bildirdilər ki, qapını zorla qırsınlar. Lakin polis əməkdaşları heç bir rəsmi sənəd olmadan bunu etməyəcəklərini bildirdilər. Beləliklə mən hesab edirəm ki, bütün bunlar bizim sığınacaq üçün tamamilə qərəzlidir.“
Məlumat üçün qeyd edim ki, haqqında danışılan sığınacaqda guya uşaqlara əzab verilməsi barədə Sabunçu Rayon Prokurorluğunun məlumatı ölkədə böyük rezonans doğurub. Yayılan xəbərdə bildirilib ki, rayonun Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda 10.05.2022-ci il tarixdə müxtəlif dövlət orqanlarının iştirakı ilə keçirilən monitorinq zamanı uşaqların bədəni üzərində xəsarət izlərinin aşkar olunması faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılıb.
Bundan başqa “Sevgi Evi” - Ana və Qadın sığınacağının hüquqşünası Ağamirzə Bağırovun da fikirlərini öyrəndik. Məlum məsələ ilə bağlıAğamirzə Bağırov qeyd etdi ki, sığınacaqla bağlı səslənən iddialar əsassızdır: “Prokurorluq orqanları belə qərarı heç vaxt ortaya atmaz. Ortada istintaqın qərarı yoxdur. Kim edib bunu, hansı məqsədlə edib, hüquqşünaslarımız yaxın vaxtda aydınlaşdıracaq. Rəsmi qurumlar həqiqətən də “Sevgi Evi”ndə monitorinq keçirib, amma burada zorakılıq halları aşkar edilməyib. Biz nə deyə bilərik ki? Gəlib baxıblar, monitorinq qrupu olub. Yeddi qurumun - təhsil, səhiyyə qurumlarından, Ailə, Qadın və Uşaq Komitəsindən, polis və s. orqanlarından komissiya gəlmişdi. Xırda çatışmazlıqlar var idi. Onlar hələlik bizdə nəyin çatışmadığı barədə öz tövsiyələrini verməyiblər. Nə zaman onlar bizə öz tövsiyyələrini versələr, biz də öz işimizi buna uyğun quracağıq. Bizdə döyülmə halı yoxdur. Nəzərə almaq lazımdır ki, bura gələnlərin hamısı ailə zorakılığının qurbanı olan uşaqlardır. Onlar onsuz da o xəsarətləri alıb, bura gəliblər. Atası, anası tərəfindən döyülən uşaqlardır. Müəyyən proqramlara çıxan uşaqları gecələmək üçün bura göndərirlər. Onların bədənində xəsarət ola bilər, ata-anaları tərəfindən işgəncəyə də məruz qalıblar. Bu onların bədənində ola bilər. Amma xəsarətin müəssisədə işləyən adamlar tərəfindən edilməsi mümkün deyil. Biz təmənnasız, dövlətdən yardım almadan fəaliyyət göstəririk. Bizim o qədər başımız işləmir ki, bu qədər yaxşılığın qabağında uşaqlara xəsarət yetirək? Bu nə məntiqsizlikdir? Biz hansı millətik ki, himayə etdiklərimizə işgəncə verək?”
Araşdırmamız zamanı biz sözügedən sığınacaqda bir necə anadan fikirlərini öyrəndik. Analar bildirdilər ki, nə onlara nə də ki, onların uşaqlarına bu sığınacaqda heç bir təzyiq edilməyib. Onlar buradakı şəraitdən və göstərilən qayğıdan razıdırlar. Analar sığınacağı heç bir halda tərk etmək istəmədiklərini söylədilər. Onlar rəhbərlikdən və şəxsən Könül Qasımovadan razılıq etdiklərini bildirdilər. Beləliklə hələlik sözügedən sığınacaqla bağlı dövlət qurumları tərəfindən araşdırmalar aparılır. Ümid edirik ki, sonda haqq - ədalət öz yerini tapacaqdır.