İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Gəncə Xalça Kombinatı” MMC-dəki dövlətə məxsus payın özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edib.
Bu barədə Telexeber.az-a Dövlət Xidmətindən bildirilib.
“Gəncə Xalça Kombinatı” MMC-dəki dövlət payının özəlləşdirilməsi üzrə investisiya müsabiqəsinə ümumi nominal dəyəri 12 milyon 956,5 min manat olan 129 565 pay (əmək kollektivi üzvlərinə güzəştli satışdan qalan hissə əlavə olunmaqla) satışa çıxarılıb. Cəmiyyətin nizamnamə kapitalı 14,260 milyon manat, öhdəlikləri 447,543 min manat, debitor borcu 152,866 min manat təşkil edir.
Bu müəssisənin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 15 milyon manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, müasir avadanlıq və texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi ilə bağlı təkliflərini verməlidirlər.
Müsabiqə qalibi səhmdar cəmiyyətinin səhmlərinin alınmasına görə dövlət büdcəsinə 7 milyon manatdan az olmayan məbləğdə vəsaitin köçürülməsini təmin etməlidir.
İnvestisiya müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində səhmdar cəmiyyətin səhmlərinin alqı-satqı müqaviləsini imzalamalı, imzalandığı tarixdən 30 gün müddətində təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməli, ümumilikdə müqavilə ilə müəyyən olunan şərt və öhdəlikləri yerinə yetirməlidir.
Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.
İnvestisiya müsabiqəsinə çıxarılan dövlət əmlakı ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar: https://bit.ly/3zVIJin
İddiaçıların ərizə və təkliflərinin qəbulu 15 sentyabr 2022-ci il tarixinədək iş günləri saat 10:00-dan 17:30-dək Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50) aparılacaq.
Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasında 16 sentyabr 2022-ci il saat 15:00-dan başlayaraq həyata keçiriləcək.