Polşada həbs edilən sabiq azərbaycanlı icra başçısı AZADLIĞA ÇIXDI
- 21.12.2022, 08:42,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Polşada həbs olunan Qubadlının sabiq icra başçısı Elxan Nuriyev azadlığa çıxdığı barədə məlumat yayılıb.
Telexeber.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkə hesablarında bildiriblər. Qeyd edilib ki, Nuriyev Polşanın Przemysl məhkəməsinin qərarı ilə sərbəst buraxılıb.
Xatırladaq ki, Elxan Nuriyev uzun illərdir Ukraynada yaşayır.
Azərbaycan tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş Elxan Piri oğlu Nuriyev cari ilin oktyabrında Polşada tutulmuşdu.
Baş Prokurorluğun oktyabr ayında yaydığı məlumata görə, 1993-cü ildə bir sıra xüsusilə ağır cinayətlərin törədilməsi faktlarına görə Qubadlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10, 29,120.2.11, 309.2 və digər maddələri ilə cinayət işi başlanıb və E.Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib. 02.10.2022-ci il tarixdə o, Polşa Respublikasının ərazisində saxlanılıb. Hazırda E.Nuriyevin Azərbaycan Respublikasına ekstradisiya edilməsi məqsədi ilə Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlara sorğu göndərilmişdi.
E.Nuriyev 1992-ci ildə mərhum Prezident Əbülfəz Elçibəyin fərmanı ilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, 22 avqust 1993-cü ildə Qubadlı icra başçısı vəzifəsindən azad edilib. Daha sonra Azərbaycandan Ukraynaya köçüb.