Demokratik inkişaf yolunda inamla addımlayan, insan hüquq və azadlıqlarının yüksək
səviyyədə təmin olunduğu Azərbaycanda davamlı olaraq siyasi sistemin inkişafına xidmət
edən çox mühüm addımlar atılır, ardıcıl islahatlar reallaşdırılır. Bu isə siyasi subyektlərin,
ictimai institutların səmərəli fəaliyyətinə, eləcə də dövlət maraqlarının qorunmasına mühüm
töhfə verir. Bütün bunlar isə öz növbəsində Azərbaycanın müasir mənzərəsinin - siyasi dialoq
mühitinin və ölkədə yeni siyasi konfiqurasiyanın formalaşmasını təmin etməkdədir. Prezident
İlham Əliyevin təşəbbüsü ilə başlanan bu proses uğurla irəliləməkdədir.
Zaman dəyişir, dövr dəyişir, qarşıya yeni vəzifələr qoyulur. Azərbaycan daim iqtisadi və
siyasi islahatların vəhdətliyini qorumaqla davamlı inkişafını şərtləndirir. Bu fikir dövlət başçısı
İlham Əliyev tərəfindən xüsusi qeyd edilir ki, elə ölkələr var iqtisadi inkişafı ilə diqqətdədir,
amma demokratik inkişafın səviyyəsi aşağıdır. Elə ölkələr də var ki, əksinə, demokratik
inkişaf yüksəkdir, iqtisadi tərəqqi aşağı səviyyədədir. Lakin Azərbaycanda iqtisadi və siyasi
islahatların vəhdətliyi daim qorunur. Ölkəmizdə demokratikləşmə yalnız bir şüar, niyyət deyil,
Azərbaycanın hərtərəfli inkişafının əsasıdır. Ölkəmizdə demokratik təsisatların inkişafı göz
qabağındadır. Azərbaycan ilk gündən demokratiya yolunu seçərək bu istiqamətdə inamlı
addımlar atır.
Hər bir ölkənin inkişafında siyasi partiyaların rolu böyükdür. Ölkənin siyasi sisteminin əsas
təsisatlarından olan siyasi partiyalar milli və siyasi birliyin, həmrəyliyin qorunması naminə
bütün zəruri tədbirləri görməlidirlər. Siyasi partiyalar arasında sağlam dialoq mühitinin
formalaşması hədəflərə yüksək səviyyədə nail olmağa öz töhfəsini verəcək.
Siyasi islahatların partiyalararası geniş dialoq aparılmadan həyata keçirilməsinin
mümkünsüzlüyünü bildirən ölkə Prezidenti İlham Əliyev qeyd edir ki, bir partiya – hakim
partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır.
Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Cənab İlham Əliyev bu əminliyi ifadə
etmişdir ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis
tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm
əsaslar üzərində qurulacaq: “Hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb
olunmur. Hesab edirəm ki, bu praktikaya son qoyulmalıdır. Əgər biz doğrudan da istəyirik ki,
Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, - biz bunu istəyirik və iqtidar partiyası kimi
bunu təqdim edirik, - onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər
spektri mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin gündəliyində duran
məsələlərdən biri olacaqdır.”
“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu bu kimi məqamlara işıq saldı. Yeni
sənəd gələcəkdə siyasi partiyaların təkmil fəaliyyətində öz sözünü deyəcək. Məlum olduğu
kimi, Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar
haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etdilər.
Həmin müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən
yeni Qanunun hazırlanmasının vacibliyi öz əksini tapmışdı. Reallıqlarımız fonunda qəbul
olunan "Siyasi partiyalar haqqında" yeni Qanun siyasi dialoq mühitinin təkmilləşdirilməsinə öz
müsbət təsirini göstərəcək.
1992-ci ildə “Siyasi partiyalar haqqında” Qanunun qəbul olunmasından bugünədək
sənədə 27 dəfə əlavə və dəyişiklik edilib. İllər keçdikcə ölkənin həyatında yeniliklər baş verir,
yeni tələblər qarşıya qoyulur ki, bunlar da öz növbəsində yeni sənədlərin qəbuluna yol açır.
Hazırkı dövrdə tarixi Zəfərimizin reallıqlarını nəzərə alsaq, siyasi islahatların dərinləşdirilməsi
inkaredilməzdir. Yeni qəbul edilən “Siyasi partiyalar haqqında” Qanunla bağlı təhlillərdə bu
fikir xüsusi qeyd edilir ki, sənəd partiyaların fəaliyyətində nəzərəçarpacaq dəyişikliklərə yol
açacaq. Buna əsas verən Qanunda günün tələblərindən irəli gələn müddəaların olmasıdır.
Ülviyyə Qasımova
Salyan rayon Şəkərli kənd ümumi orta məktəbin müəllimi, YAP fəalı