Xətai və Nəsimi rayonlarında əməliyyatlar keçirilib kokain və digər növdən olan narkotik maddələrin satışı ilə məşğul olan daha 5 nəfər saxlanılıb qanunsuz dövriyyədən 13 kiloqram narkotik maddə çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Telexeber.az-a verilən məlumata görə, paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar keçirilib. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 4 nəfər saxlanılıb. Onlardan ümumilikdə 2 kiloqram kokain, heroin, psixotrop maddə metamfetamin və elektron tərəzilər götürülüb. Əməliyyatlar zamanı saxlanılan Musa Abdullayevdən külli miqdarda yüksək təsiredici xassəyə malik kokain, 130 ədəd psixotrop tərkibli həb, Mahir Abdullayev, Əli Əliyev və Faiq Əliyevdən də müxtəlif xassəli narkotik vasitələr aşkar olunub.
Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələr vasitəsi ilə əldə ediblər. Onlar xarici ölkələrdə yaşayan narkotacirlərlə tanış olaraq həmin şəxslərin narkokuryerlik təklifi ilə razılaşıblar. Saxlanılan şəxslər narkotacirlərin yalan vədlərinə aldanaraq narkotik vasitələrin satışını həyata keçiriblər.
Xətai rayonuda da narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı Əhmədli qəsəbəsində narkotiklərin satışı ilə məşğul olan Namiq Vəliyev tutulub. Onun üzərindən və yaşadığı evdən 11 kiloqrama yaxın marixuana aşkar olunub. Namiq Vəliyev narkotik tərkibli bitkiləri əkdiyini və satmaq məqsədi ilə qurutduğunu bildirib.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət İşi başlanılıb. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Adları çəkilən şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.